Bakı.Trend:
Böyük Britaniya “Vanguard” tipli dörd atom sualtı qayığından üçünü dənizə çıxarıb.
Bu barədə “The Times” müdafiə qurumundakı mənbəyə istinadən məlumat yayıb. Mənbə yaranmış vəziyyəti “qeyri-adi” adlandırıb.
Nəşrin həmsöhbəti bildirib ki, normal şəraitdə döyüş növbətçiliyində adətən yalnız bir sualtı qayıq olur.
Sualtı qayıqların eyni vaxtda dənizə çıxarılmasının rəsmi səbəbləri açıqlanmır.
Ekspertlərin qiymətləndirməsinə görə, qüvvələrin bölgüsü belə ola bilər: nüvə döyüş başlıqları ilə təchiz edilmiş sualtı qayıqlardan biri planlı döyüş patruluna çıxıb, ikincisi, ehtimal ki, patrul növbəsinin planlı şəkildə dəyişdirilməsinə hazırlaşır, üçüncüsü dəniz sınaqlarında iştirak edir. Dördüncü sualtı qayıq isə həmin vaxt bazada qalaraq texniki xidmətdən keçir.
