İki problemli bankı birləşdirib daha böyük problem yaratmağın tərəfdarı deyilik - Taleh Kazımov

İqtisadiyyat Xəbər 29 Oktyabr 2026 12:32 (UTC +04:00)
İki problemli bankı birləşdirib daha böyük problem yaratmağın tərəfdarı deyilik - Taleh Kazımov
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektorunda konsolidasiya proseslərini dəstəkləyir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu AMB sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, cari il ərzində bank sektorunda iki konsolidasiya prosesi baş verib.

“Biz, ümumiyyətlə, Mərkəzi Bank olaraq konsolidasiyanı dəstəkləyirik. Konsolidasiya nəticəsində rəqabətin də artacağını gözləyirik”, - deyə T.Kazımov bildirib.

AMB sədri qeyd edib ki, gələn il bank sektorunda hər hansı konsolidasiya ilə bağlı tədbir və ya plan olarsa, Mərkəzi Bank bunu dəstəkləyəcək.

“Əlbəttə, maliyyə sektorunun dayanıqlılığını təmin etmək şərtilə konsolidasiyanı dəstəkləyirik. Amma hazırda bununla bağlı başqa bir planımız yoxdur. Gələn il hər hansı belə hal olarsa, bu barədə məlumat verəcəyik”, - deyə o əlavə edib.

T.Kazımovun sözlərinə görə, konsolidasiya maliyyə institutlarının səmərəliliyinin artırılmasına da imkan yaradır.

“İki problemli bankı birləşdirməklə daha böyük problem yaratmaq konsolidasiya deyil. Biz belə konsolidasiyanın tərəfdarı deyilik. İki və ya daha çox bank birləşərək daha güclü maliyyə institutu yaradırsa, sözsüz ki, biz bunu dəstəkləyirik”, - deyə AMB sədri vurğulayıb.

O bildirib ki, bank sektorunda konsolidasiya həm birləşmə, həm də satınalma yolu ilə həyata keçirilə bilər.

“Ümumiyyətlə, konsolidasiyanı dəstəkləyirik və bankların birləşməsini təşviq etməyə hazırıq ki, onların rəqabət qabiliyyəti daha da artsın. Çünki sektor və ölkə kiçikdir, iqtisadiyyatımızın ölçüsü də nəzərə alınmalıdır. Burada kifayət qədər çoxsaylı kiçik oyunçuların olması vacib deyil”, - deyə T.Kazımov qeyd edib.

AMB sədri əlavə edib ki, xüsusilə informasiya texnologiyalarına və rəqəmsallaşmaya tələb olunan investisiyalar fonunda kiçik bankların rəqabət aparması çətinləşir.

“İnformasiya texnologiyalarına və rəqəmsallaşma proseslərinə tələb olunan investisiyaları nəzərə alsaq, kiçik banklar üçün rəqabət aparmaq daha da çətinləşir. Ona görə də səmərəli birləşmə və ya satınalma bu baxımdan məqsədəuyğun çıxış yolu ola bilər”, - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti