Bakı. Trend:
ABŞ administrasiyasının rəhbəri Donald Tramp İranla müharibəni “çox qısa müddətdə” başa çatdırmaq niyyətində olduğunu bildirib.
“İranla müharibəyə son qoymalıyam və bunu çox qısa müddətdə edəcəyəm. Onlar çox ağır zərər görüblər, biz buna son qoyacağıq”, – deyə Tramp oktyabrın 28-də ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
“Bu müharibəni biz başlamamışıq. Mən hakimiyyətə gəlməzdən xeyli əvvəl bu məsələni həll etmək lazım idi. Bunu digər prezidentlər və ya başqa ölkələr etməli idi. Bu məsələ ilə əvvəlki prezidentlər məşğul olmalı idilər”, – deyə ABŞ lideri bildirib. O, həmçinin “İranın heç vaxt nüvə silahı olmayacağını” vurğulayıb.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ əldə olunmuş razılaşmaların Hörmüz boğazı ilə bağlı şərtlərinin İran tərəfindən pozulduğunu əsas gətirərək ölkəyə qarşı genişmiqyaslı zərbələri bərpa edib.
Dünya üzrə neft ticarətinin təxminən 25 faizi və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20 faizi bu boğaz vasitəsilə həyata keçirilir. Daha sonra ABŞ administrasiyası faktiki olaraq İrana qarşı genişmiqyaslı hərbi güc tətbiqinin dayandırılmasına və sanksiyalar vasitəsilə ölkəni iqtisadi cəhətdən boğmağa yönəlmiş siyasətə keçməyə çalışdığına dair siqnallar verib.
