Bakı.Trend:
“Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” dayanıqlı ixrac gəlirlərinin mənbəyinə çevrilə bilər.
Bu barədə Avrasiya İnkişaf Bankı, “ENERGİYA” Koordinasiya-Dispetçer Mərkəzi və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası tərəfindən hazırlanmış “Sərhədsiz enerji: Mərkəzi Asiyanın enerji əlaqəliliyinin arxitekturası” adlı hesabatda qeyd olunub.
Hesabat müəllifləri bildirirlər ki, bu marşrut strateji əhəmiyyət daşımaqla yanaşı, xarici istiqamətlər arasında ən mürəkkəblərindən biridir. Sənəddə vurğulanır ki, bu dəhlizə uzunmüddətli perspektivdə “yaşıl” enerji ixracı üçün strateji seçim kimi baxılmalıdır.
“Bu dəhliz Orta Dəhliz strategiyası ilə sıx bağlıdır. O, bərpa olunan enerji mənbələrinin (BEM) investisiya cəlbediciliyini artıra, ixrac bazarı yarada, “yaşıl” elektrik enerjisinin sertifikatlaşdırılmasını təşviq edə və elektrik şəbəkələrinin texnoloji modernləşdirilməsinə dəstək verə bilər. Ölkədaxili şəbəkə və bazar infrastrukturunun qabaqlayıcı inkişafı təmin olunarsa, dəhliz davamlı ixrac gəlirləri mənbəyinə çevrilə bilər. Daxili infrastrukturun inkişafı ləngiyərsə, ötürücülük gücü, çeviklik və investisiyalar uğrunda rəqabət riski yaranacaq”, – deyə hesabat müəllifləri qeyd edirlər.
Bundan əlavə, hesabatda vurğulanır ki, “yaşıl” enerji ixracı üçün vahid sertifikatlaşdırma qaydaları, enerjinin mənşəyinin izlənməsi reyestri, audit rəyləri, “əlavəlik” prinsipi və həcmlərin uzlaşdırılması qaydaları tələb olunur.
“Bunlar olmadan tədarük olunan enerjinin “yaşıl” statusunu alıcılar, Avropa tənzimləyici qurumları və beynəlxalq maliyyə institutları qarşısında təsdiqləmək daha çətin olacaq”, – deyə hesabatda bildirilir.
Qeyd edək ki, “Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” Azərbaycanın, Gürcüstanın, Rumıniyanın və Macarıstanın iştirakı ilə həyata keçirilən transsərhəd elektrik enerjisi ötürülməsi layihəsidir. Layihənin əsası 2022-ci il dekabrın 17-də Buxarestdə Avropa Komissiyasının iştirakı ilə imzalanmış Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində qoyulub.
Ümumi gücü 3,9 giqavat (QVt) olan dəhlizin yaradılması nəzərdə tutulur. Dəhliz hər birinin gücü 1,3 QVt olan üç elektrik ötürücü xəttdən ibarət olacaq.
Layihənin hazırlanması ilə Buxarestdə qeydiyyatdan keçmiş və dörd ölkənin milli elektrik şəbəkəsi operatorlarına məxsus "Green Energy Corridor Power Company" (GECO) birgə şirkəti məşğul olur.
Şirkətin hər bir səhmdarı – Azərbaycanın “AzərEnerji” ASC, Gürcüstanın Georgian State Electrosystem, Rumıniyanın Transelectrica və Macarıstanın MVM şirkətləri – 25 faiz paya malikdir.
Layihə Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 2026-cı il üzrə Şəbəkənin İnkişafı üzrə Onillik Planına (TYNDP) 1248 və 1244 nömrələri ilə daxil edilib.
Layihəyə ümumi investisiyaların 22 milyard avro təşkil edəcəyi qiymətləndirilir. Bu məbləğin 14,3 milyard avrosu elektrik enerjisinin ötürülməsi sisteminə, 7,8 milyard avrosu isə bərpa olunan enerji mənbələri əsasında generasiya güclərinin yaradılmasına yönəldiləcək.
Layihənin 2040-cı ilədək tam ötürücülük gücünə çatacağı gözlənilir.
Layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələri 2026-cı il oktyabrın 22-də Bakıda təqdim olunub.
.
