Bakı. Trend:
Beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqində ikili standartların və beynəlxalq təsisatların böhranların qarşısının alınmasında üzləşdiyi çətinliklər dövlətlər üçün yeni çağırışlar yaradır.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ceyhun
Bayramov oktyabrın 29-da Türkiyə Respublikasının paytaxtı Ankara
şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı
(TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışında
bildirib.
Nazir Ceyhun Bayramov çıxışında ilk növbədə 29 Oktyabr - Respublika
Günü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi
qəlbdən təbrik edib.
Nazir beynəlxalq münasibətlər sistemində mövcud ziddiyyətlərin, davam edən münaqişələrin, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqində ikili standartların və beynəlxalq təsisatların böhranların qarşısının alınmasında üzləşdiyi çətinliklərin dövlətlər üçün yeni çağırışlar yaratdığını bildirib.
Bu şəraitdə qarşılıqlı etimad, ortaq maraqlar və həmrəyliyə
əsaslanan əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
2025-ci ildə Qəbələdə keçirilmiş Zirvə görüşündən sonra
Azərbaycanın TDT-yə sədrliyi dövründə siyasi həmrəyliyin
gücləndirilməsi, institusional effektivliyin artırılması, iqtisadi
və nəqliyyat əlaqələrinin genişləndirilməsi və TDT-nin beynəlxalq
nüfuzunun yüksəldilməsi istiqamətində görülmüş işlər diqqətə
çatdırılıb. Bu çərçivədə üzv və müşahidəçi dövlətlərlə, eləcə də
Təşkilatın Katibliyi ilə sıx əməkdaşlıq şəraitində müxtəlif
səviyyələrdə çoxsaylı görüş və məsləhətləşmələrin keçirildiyi qeyd
olunub.
Təhlükəsizlik sahəsində siyasi dialoqun və milli qurumlar arasında
koordinasiyanın gücləndirilməsi, Bakıda TDT üzv dövlətlərinin
Təhlükəsizlik Şuraları katiblərinin iclasının keçirilməsi, müdafiə
sənayesində birgə istehsal və texnoloji əməkdaşlığı nəzərdə tutan
2027-ci il üzrə Yol Xəritəsinin qəbul edilməsi sədrliyimizin mühüm
nəticələri qismində vurğulanıb. Eyni zamanda, ticarət,
investisiyalar, nəqliyyat, enerji, maliyyə, rəqəmsal inkişaf,
innovasiya və yeni texnologiyalar sahələrində əməkdaşlığın
genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Sədrliyimiz dövründə humanitar əməkdaşlıq, ortaq tarixi və mədəni
irsin qorunması və xalqlarımız arasında əlaqələrin
möhkəmləndirilməsi də əsas prioritetlər sırasında yer aldığı
diqqətə çatdırılıb. Bu çərçivədə, Birinci Türkoloji Qurultayın 100
illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin, Şuşada dini
məsələlərə məsul dövlət qurumlarının rəhbərlərinin ilk görüşünün və
Bakıda TDT üzv dövlətlərinin Müsəlman Dini İdarələri Başçıları
Şurasının VII iclasının keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov 2026-cı il ərzində xarici işlər nazirləri
arasında dörd qeyri-rəsmi görüşün keçirilməsini siyasi dialoqun
davamlılığının və regional və beynəlxalq məsələlər üzrə mövqelərin
əlaqələndirilməsinin mühüm göstəricisi kimi dəyərləndirib. Misal
olaraq, İstanbul görüşündə Yaxın Şərqdəki vəziyyətlə bağlı qəbul
edilmiş Birgə Bəyanatda Azərbaycan və Türkiyənin təhlükəsizliyinə
qarşı təhdidlər fonunda həmrəyliyin ifadə olunduğu, Nyu-York
görüşündə isə Təşkilatın BMT Baş Assambleyasında müşahidəçi statusu
alması istiqamətində birgə diplomatik səylərin davam etdirilməsinin
vacibliyinin vurğulandığı bildirilib. TDT-nin birgə bəyanatlarının
BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədləri
kimi yayılması praktikasının başlanması həmçinin qeyd olunub.
Qəbələ Zirvə görüşündə təsis edilmiş TDT+ formatının üçüncü ölkələr
və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaratdığı
bildirilib. Gələcəkdə mövcud mexanizmlərdən səmərəli istifadə
edilməsinin, qəbul olunmuş qərarların icrasının təmin edilməsinin,
milli qurumların fəaliyyətinin və Təşkilatın Katibliyinin
monitorinq-koordinasiya rolunun gücləndirilməsinin vacibliyi
vurğulanıb.
Nazir Ceyhun Bayramov çıxışının sonunda Azərbaycan sədrliyi
dövründə göstərilən dəstək və fəal iştiraklarına görə üzv və
müşahidəçi dövlətlərə, Təşkilatın Baş katibinə və Katibliyinə
təşəkkürünü bildirib, Türkiyənin qarşıdan gələn sədrliyi dövründə
əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib və Türkiyə
tərəfinə uğurlar arzulayıb.
