Azərbaycanın dövlət büdcəsinin gəlirləri gözləntiləri 2,8 faiz üstələyib

Maliyyə Xəbər 29 Oktyabr 2026 11:38 (UTC +04:00)
Azərbaycanın dövlət büdcəsinin gəlirləri gözləntiləri 2,8 faiz üstələyib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 29 milyard 311,8 milyon manat təşkil edib ki, bu da proqnozdan 787,4 milyon manat və ya 2,8 faiz çoxdur.

Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin məlumatında qeyd olunub.

Məlumata görə, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 19 milyard 683,8 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 402,1 milyon manat və ya 7,7 faiz çoxdur.

"Dövlət büdcəsinin gəlirlərinin 13630,4 milyon manatı və ya 46,5 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 9628,0 milyon manatı və ya 32,8 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 4973,3 milyon manatı və ya 17,0 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 543,2 milyon manatı və ya 1,9 faizi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 43,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 493,7 milyon manatı və ya 1,7 faizi sair daxilolmaların payına düşür", -deyə məlumatda vurğulanır.

Nazirliyin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr ayları üzrə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 913,4 milyon manat və ya 7,2 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 8,9 milyon manat və ya 25,9 faiz, sair daxilolmalardan 84,3 milyon manat və ya 20,6 faiz çox, gömrük orqanlarının xətti ilə 10,7 milyon manat və ya 0,2 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 208,5 milyon manat və ya 27,7 faiz az, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə icra edilmişdir

Məlumatda qeyd olunub ki, ARDNF-dən dövlət büdcəsinə transfert nəzərdə tutulan həcmdə həyata keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti