Bakı.Trend:
Qazaxıstanın Baş naziri Oljas Bektenov hökumətə ölkənin xüsusilə varlı vətəndaşlarının vergiyə cəlb olunması ilə bağlı təklifləri bir ay ərzində hazırlayıb təqdim etməyi tapşırıb.
Bu barədə "Kazinform" məlumat yayıb.
“Milli İqtisadiyyat Nazirliyi yeni Vergi Məcəlləsinə konkret dəyişikliklər paketini təkmilləşdirsin və dövlət orqanları ilə operativ şəkildə razılaşdırsın. Ayrıca diqqət yetirilməli məsələ böyük sərvət sahiblərinin vergiyə cəlb olunmasıdır. Milli İqtisadiyyat və Maliyyə nazirlikləri bir ay ərzində beynəlxalq təcrübəni öyrənsin və xüsusilə varlı vətəndaşların vergiyə cəlb olunması ilə bağlı yanaşmalarını təqdim etsin”, – deyə o, hökumətin iclasında bildirib.
O, həmçinin Maliyyə Nazirliyinə vergilərin yığım səviyyəsinin artırılması, kölgə iqtisadiyyatının azaldılması, eləcə də süni intellekt alətlərindən istifadə etməklə vergi və gömrük inzibatçılığının tam rəqəmsallaşdırılmasının başa çatdırılması üçün tədbirlər görməyi tapşırıb.
