Bakı. Trend:
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard dollara çatıb. Mövcud ehtiyatlar ölkənin xarici iqtisadi şoklara qarşı dayanıqlılığını təmin edən mühüm maliyyə buferidir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, cari ilin ötən dövründə ölkənin xarici sektoru üçün əlverişli şərait müşahidə olunub. Gömrük statistikasına əsasən, xarici ticarət balansının müsbət saldosu 10,5 milyard ABŞ dollarına çatıb.
AMB sədri qeyd edib ki, cari əməliyyatlar balansının proqnozu 4,7 milyard ABŞ dolları təşkil edir. Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 3,4 faizinə bərabərdir.
“Ölkəmizin strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dollarına çatıb. Bu, kifayət qədər böyük maliyyə buferidir”, – deyə T.Kazımov bildirib.
O vurğulayıb ki, tədiyə balansının statistikasına əsasən, Azərbaycanın strateji valyuta ehtiyatları mal və xidmətlərin 40 aylıq idxalını maliyyələşdirməyə kifayət edir. Dünya təcrübəsində bu göstəricinin üç ay səviyyəsində olması norma hesab edilir.
“Bizdə isə bu müddət 40 aydır ki, bu da kifayət qədər böyük maliyyə buferidir”, – deyə AMB sədri qeyd edib.
T.Kazımovun sözlərinə görə, ölkənin strateji valyuta ehtiyatlarının geniş pul kütləsinə nisbəti 3,4 dəfə təşkil edir ki, bu da yüksək göstəricidir.
