Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə və sülhün təşviqinə mühüm töhfələr verir

Siyasət Rəy 29 Oktyabr 2026 09:21 (UTC +04:00)
Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə və sülhün təşviqinə mühüm töhfələr verir

Bakı. Trend:

Müasir dünyada siyasi qütbləşmələrin kəskinləşdiyi, mədəni və ideoloji qarşıdurmaların dərinləşdiyi bir şəraitdə beynəlxalq aləmdə dialoq mexanizmlərinə ehtiyac hər zamankından daha çox hiss olunur. Bu baxımdan geosiyasi gərginliklərin artdığı belə bir vaxtda Bakı şəhərinin evsahibliyi etdiyi və 2011-ci ildən keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sadəcə növbəti beynəlxalq tədbir deyil, qlobal sülhə və qarşılıqlı anlaşmaya xidmət edən mühüm siyasi platforma kimi çıxış edir.

Oktyabrın 27-dən Bakı növbəti – VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna evsahibliyi edir. Bu dəfəki Forum “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunub. Həm müzakirə olunan məsələlər, həm də iştirakçıların sayı və tərkibi göstərir ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal səviyyədə olduqca böyük maraqla qarşılanır. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu barədə deyib:

“Qeydiyyatdan keçmiş 2000-dən artıq iştirakçı, 100-dən artıq ölkədən gəlmiş 500-dən çox qonağımız var. Əslində bu rəqəmlər göstərir ki, ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir”.

Ötən illərin mənzərəsi də göstərir ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT və strukturlarının mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanıb.

Ümumiyyətlə, bu Forumun Azərbaycanda keçirilməsinin olduqca mühüm və həm də mənəvi məzmun kəsb edən əsasları var. İlk növbədə onu qeyd edək ki, Azərbaycan ərazilərində tarix boyu multikultural dəyərlər hakim olub. Burada heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma baş verməyib, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi münasibətlər mövcud olub. Müxtəlif xalqların və dinlərin nümayəndələri hər zaman Azərbaycanda dostluq və qardaşlıq şəraitində yaşayıblar. Əsrlərdən gələn bu ənənə müasir dövrdə də dövlətimizin və xalqımızın əsas siyasi-mənəvi dəyərlərindən biridir.

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda qeyd etdiyi kimi, bütün etnik qrupların və dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar və biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Bəli, bu gün Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideyası ətrafında sıx birləşiblər.

Azərbaycançılıq ideyasının xalqımızı vahid məfkurə ətrafında birləşdirməsi ilə bağlı çoxsaylı nümunələr göstərmək olar. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfər isə azərbaycançılıq ideyasının ən böyük təntənəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular.

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış nitqində bununla bağlı söylədiyi fikirlər bir daha göstərdi ki, Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olan Azərbaycan bu cür tədbirlərin keçirilməsi üçün unikal məkandır. Digər tərəfdən, Prezident İlham Əliyev xalqımızın multikultural dəyərlərin daşıyıcısı olduğunu bir daha dünyanın diqqətinə çatdırdı. Şərqlə Qərbin kəsişməsində yerləşərək tarix boyu müxtəlif mədəniyyətlərin dinc yanaşı yaşamasını təmin edən ölkəmiz bu gün həmin tarixi nümunəni qlobal diplomatiyada uğurla tətbiq edir.

Prezident İlham Əliyev Forumda çıxışı zamanı Azərbaycanın keçdiyi şərəfli tarixi yolu, torpaqlarımızın işğaldan azad olunması və tarixi ədalətin bərpası prosesini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı, ölkəmizin qazandığı böyük nailiyyətlərin növbəti təqdimatını etdi. Prezident İlham Əliyev əhatəli çıxışında qlobal miqyasda rezonans doğuran prinsipial mesajlar da səsləndirdi. Bu mesajların təməlində kənar güclərin və müəyyən xarici dairələrin Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdlərinin yolverilməzliyi, heç kimin buna mənəvi haqqının olmaması və həmin tərəflərin ilk növbədə öz daxili problemlərinə nəzər salmalı olduqları fikri dayandı. Müstəqil xarici siyasət yürüdən dövlətimiz başqa ölkələrin daxili işlərinə müdaxilə etmədiyi kimi, özünə qarşı da bu cür müdaxilələri və təzyiq cəhdlərini qətiyyətlə rədd edir. Prezident İlham Əliyev çıxışında haqlı olaraq vurğuladı ki, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə heç kimin mənəvi haqqı yoxdur.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təsirsiz olması məsələsinə yenidən toxunan Prezident İlham Əliyev otuz il boyunca üzləşdiyimiz ədalətsizliyi və ikili standartları faktlarla yenidən gündəmə gətirdi:

“Təfərrüatlara çox varmaq istəmirəm, lakin hesab edirəm ki, mühüm məsələlərdən biri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi olmalıdır”.

Eyni zamanda, Prezident İlham Əliyev hazırkı dövrdə müharibələrin başlanmasının asan, lakin onları dayandırmağın və sülhə nail olmağın nə qədər çətin olduğunu vurğulayaraq, Azərbaycanın keçdiyi yolu digər dövlətlər və xalqlar üçün nümunəvi model kimi göstərdi. Vətən müharibəsində qazanılan parlaq Qələbədən və düşmənin kapitulyasiyasından dərhal sonra ölkəmizin sülh təklif etməsi, o cümlədən Ermənistanla sülhün Vaşinqtonda paraflanması Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaratdı. İki supergüc – ABŞ və Çin, eləcə də Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq formatına malik olan Azərbaycan özünü beynəlxalq birliyin etibarlı və hörmətli tərəfdaşı kimi təsdiqlədi.

Şübhəsiz, bütün bu tarixi uğurlar, qlobal səviyyədə qəbul edilən prinsipial mövqe və ölkəmizin artan beynəlxalq nüfuzu Prezident İlham Əliyevin güclü liderliyinin, uzaqgörənliyinin və praqmatik dövlətçilik siyasətinin bariz təzahürüdür. Ədaləti öz gücü ilə bərpa edən, ikili standartlara qarşı prinsipial mövqe ortaya qoyan Azərbaycan həm də sülhün və əməkdaşlığın mümkünlüyünü bütün dünyaya sübut etdi. Bu gün ölkəmiz qətiyyətli siyasəti və sülh təşəbbüsləri ilə dünyaya özünün unikal modelini təqdim edir. Bu baxımdan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu göstərdi ki, Azərbaycan dünyada mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və sülhün təşviqinə mühüm töhfələr verir.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Xəbər lenti

Xəbər lenti