AMB bu ilin sonunadək valyuta bazarına təxminən 1 milyard dollar alış yönümlü müdaxilə edə bilər

İqtisadiyyat Xəbər 29 Oktyabr 2026 12:01 (UTC +04:00)
AMB bu ilin sonunadək valyuta bazarına təxminən 1 milyard dollar alış yönümlü müdaxilə edə bilər
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, qurumun valyuta ehtiyatlarının həcmi ilə bağlı konkret hədəfi və valyuta alışlarını dayandırmaq üçün müəyyən etdiyi limit yoxdur. AMB ilin sonunadək təxminən 1 milyard ABŞ dolları həcmində alış yönümlü valyuta müdaxiləsi həyata keçirə bilər.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bank valyuta ehtiyatlarının hansı səviyyəyə çatmasından asılı olmayaraq, bazardakı vəziyyəti və emissiyanın inflyasiyaya mümkün təsirini nəzərə alaraq qərar verir.

“Belə bir hədəfimiz yoxdur ki, ehtiyatlarımız filan səviyyəyə çatmalıdır və biz alış yönümlü müdaxiləmizi dayandırmalıyıq. Gözləntimiz odur ki, ilin sonuna qədər, qalan iki ay ərzində də alış yönümlü müdaxilələrimiz davam edəcək. Təxminən 1 milyard dollar həcmində alış həyata keçirə bilərik. Lakin konkret rəqəmdə dayanmaqla bağlı hədəfimiz yoxdur”, – deyə o qeyd edib.

AMB sədri banklararası pul bazarında aktivliyin artırılması istiqamətində görülən tədbirlərə də toxunub. Onun sözlərinə görə, banklar əvvəllər sərbəst vəsaitlərini bir-birinə yerləşdirməkdənsə, Mərkəzi Bankda saxlamağa üstünlük verirdilər.

“Bizim məqsədimiz odur ki, banklar sərbəst vəsaitlərini Mərkəzi Bankda yerləşdirmək əvəzinə, daha çox bir-birinə yönəltsinlər. Tələb olduğu şəraitdə isə vəsaitlərin banklararası bazarda yerləşdirilməsi kreditləşməyə dəstək versin”, – deyə T.Kazımov bildirib.

O vurğulayıb ki, sentyabrın 23-də qəbul edilmiş qərara əsasən, Mərkəzi Bankın banklardan vəsait cəlb edərkən ödədiyi faiz dərəcəsi 5 faizə endirilib. Bu, banklar üçün vəsaitləri Mərkəzi Bankda yerləşdirməkdənsə, digər banklarla əməliyyat aparmağı daha cəlbedici edib.

“Banklararası bazarda bütün banklar iştirak edir. Bununla belə, hər bir bankın öz likvidlik ehtiyacı var: birində vəsait artıqlığı, digərində isə daha az sərbəst vəsait ola bilər. Banklar həm Mərkəzi Bankın əməliyyatlarında, həm də banklararası bazarda iştirak edə bilərlər”, – deyə o əlavə edib.

Valyuta alışları nəticəsində manat emissiyasının inflyasiyaya mümkün təsirini şərh edən AMB sədri bildirib ki, Mərkəzi Bank bu il 3,6 milyard ABŞ dolları alıb və həmin məbləğə uyğun həcmdə manat emissiya edib. Bununla belə, emissiya edilmiş vəsaitlər iqtisadiyyata dərhal və birbaşa təsir göstərmir.

“Bu vəsaitlər dərhal iqtisadiyyatda istifadə olunsaydı, inflyasiya proseslərini sürətləndirə bilərdi. Hazırkı vəziyyətdə isə biz bunu müşahidə etmirik”, – deyə T.Kazımov qeyd edib.

Onun sözlərinə görə, emissiyanın iqtisadiyyata təsirinin əsas kanallarından biri kreditləşmədir. Kredit tələbi artdıqda bankların sərbəst vəsaitləri kreditlər vasitəsilə iqtisadiyyata yönələ bilər. Buna görə də Mərkəzi Bank hər dəfə manat emissiyası həyata keçirərkən onun inflyasiyaya mümkün təsirini qiymətləndirir.

“Hazırda valyuta alışları ilə bağlı konkret limitimiz yoxdur. Hər dəfə emissiya etdikdə onun inflyasiyaya təsirini qiymətləndirməyə çalışırıq. İnflyasiya riski olmadığı təqdirdə valyuta alışlarını davam etdiririk”, – deyə AMB sədri bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti