AMB sədri ABŞ və Azərbaycanın maliyyə sektorularını müqayisə etdi

Maliyyə Xəbər 29 Oktyabr 2026 12:37 (UTC +04:00)
AMB sədri ABŞ və Azərbaycanın maliyyə sektorularını müqayisə etdi
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan maliyyə sektorunun 94-95 faizini bank sektoru təşkil edir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bank yalnız bank sektorunun fəaliyyətinə nəzarət edən qurum kimi deyil, həm də maliyyə sektorunun digər istiqamətlərinin inkişafında maraqlı olan tənzimləyici orqan kimi çıxış edir.

“Mərkəzi Bank təkcə bank sektoruna cavabdeh deyil, eyni zamanda inkişaf etməmiş digər maliyyə sektorlarının inkişafında da maraqlıdır. Sığorta, kapital bazarları və fintex kimi istiqamətlərdə kifayət qədər yüksək potensial var”, - deyə T.Kazımov qeyd edib.

AMB sədri bildirib ki, Azərbaycanın maliyyə sektorunda bankların dominant mövqedə olmasının əsas səbəbi tarixi amillərlə bağlıdır.

“Tarixdən gələn bir amildir ki, bank sektoru bir nömrəli maliyyə sektoru olub. Bu gün də qeyd etdiyimiz kimi, maliyyə sektorunun 94-95 faizi məhz bank sektoruna aiddir”, - deyə o bildirib.

T.Kazımov qeyd edib ki, Azərbaycanda bank əsaslı maliyyə sektorunun formalaşması digər ölkələrdən fərqlənir.

“Çox ölkə var ki, maliyyə sektoru bank əsaslıdır. Məsələn, ABŞ-də kapital bazarları əsaslı maliyyə sektoru formalaşıb və orada kapital bazarlarının payı bank sektorundan daha böyükdür. Bizdə isə əksinədir. Digər qonşu ölkələrdə də vəziyyət eynidir”, - deyə AMB sədri vurğulayıb.

O bildirib ki, maliyyə sektorunun ayrı-ayrı istiqamətləri üzrə inkişaf potensialı kifayət qədər yüksəkdir və bu potensialın reallaşdırılması üçün əsas məqsəd uyğun şəraitin yaradılmasıdır.

“Hər bir sektor üzrə potensialın olduğunu və bunun kifayət qədər böyük olduğunu görürük. Onun reallaşdırılması üçün tənzimləyici orqan olaraq düşünürük ki, şərait yaratmalıyıq. Strategiyamız məhz bu şəraitin yaradılmasına yönəlməlidir. Bazar iştirakçıları isə yaradılan şəraitdən istifadə edərək həmin sektorları inkişaf etdirməlidirlər”, - deyə T.Kazımov əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti