AMB gündəlik kreditlərlə bağlı sərtləşdirməni davam etdirəcək

İqtisadiyyat Xəbər 29 Oktyabr 2026 12:55 (UTC +04:00)
AMB gündəlik kreditlərlə bağlı sərtləşdirməni davam etdirəcək
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) əhalinin gündəlik kreditlər üzrə izafi borclanmasının qarşısını almaq məqsədilə son üç ildə bu sahədə tələbləri mərhələli şəkildə sərtləşdirib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, AMB hər il, xüsusilə ilin ikinci yarısında gündəlik kreditlərlə bağlı əlavə sərtləşdirici tədbirlər tətbiq edir.

"Son üç ildə biz bu kreditlərin, xüsusilə gündəlik kreditlərin kreditləşmə sahəsində sərtləşmə istiqamətində qərarlar veririk. Hər il ilin ikinci yarısında yeni sərtləşdirici tədbirlər gətiririk. Çünki düşünürük ki, bu, əhali arasında arzuolunmaz və izafi borclanmaya gətirib çıxara bilər", - deyə AMB sədri bildirib.

T.Kazımov qeyd edib ki, bu il də gündəlik kreditlər üzrə sərtləşmənin davam etdirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, məqsədlərdən biri bu kreditlər üzrə faizlərin də daha məqbul səviyyəyə gəlməsinə təsir göstərməkdir.

AMB sədri bildirib ki, gündəlik kreditlər üzrə faizlərin adi istehlak kreditləri ilə müqayisədə daha yüksək olması müəyyən xüsusiyyətlərlə bağlıdır.

"Bu kreditlərin faizlərinin adi kreditlərdən yüksək olması normaldır. Çünki onlar, demək olar ki, 45 günə verilir, şəxsiyyət vəsiqəsi ilə rəsmiləşdirilir və məbləği böyük deyil. Bu, bütün dünyada istifadə olunan kredit məhsuludur. Sadəcə, biz onun genişlənməsini istəmirik", - deyə o vurğulayıb.

T.Kazımovun sözlərinə görə, AMB daha əvvəl də kreditlər üzrə ümumi xərclərə, o cümlədən faiz və komissiyalara dair tələbləri sərtləşdirib.

"Keçən il və ondan əvvəlki ildə ümumi kreditdən nə qədər maksimum gəlir əldə oluna biləcəyinə, komissiyalara və digər ödənişlərə dair tələblər müəyyən etmişdik. Hər il bunu sərtləşdiririk və bu kreditləşmə çəpərinin bizim üçün maraqlı olmadığını bildirmişik", - deyə AMB sədri qeyd edib.

O bildirib ki, gündəlik kreditlərin tamamilə dayandırılması planlaşdırılmır. AMB-nin məqsədi bu kredit məhsulunu tamamilə bazardan çıxarmaq deyil, onun daha normal və balanslı şəkildə idarə olunmasını təmin etməkdir.

"Əhalinin kifayət qədər borclanmasının artmasına gətirib çıxarsa da, bu, maliyyə resurslarına çıxış kanallarından biridir və hamısını bağlamaq istəmirik. İstəyirik ki, normal şəkildə idarə olunsun. Hələlik belə bir planımız yoxdur ki, bu məhsulu tamamilə yığışdıraq", - deyə T.Kazımov əlavə edib.

AMB sədri bildirib ki, gələcəkdə məhdudlaşdırıcı tədbirlərin davam etdirilməsi əhalinin borclanma səviyyəsindən, kredit təşkilatlarının və onların tərəfdaşlarının dayanıqlılığından, eləcə də sektorun gəlirliliyindən asılı olacaq.

"Əhalinin borclanma səviyyəsinin məqbul olduğunu və gəlirliliyin balanslaşdırılmış şəkildə formalaşdığını görsək, məhdudlaşdırmanı dayandıra bilərik. Lakin məhsulun tamamilə yığışdırılması nəzərdə tutulmur. Çünki Mərkəzi Bankın əsas məqsədlərindən biri maliyyə xidmətlərinin inklüzivliyini artırmaq və əhalinin maliyyə resurslarına çıxışını təmin etməkdir. Maliyyəyə çıxış imkanları saxlanılmalıdır ki, bu xidmətlərdən istifadə davam etsin", - deyə o vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti