Bakı. Trend:
“Maraqlar toqquşması haqqında” qanun layihəsi korrupsiyaya qarşı mübarizənin yeni sərhədlərini müəyyənləşdirir və bu sahədə yeni, səmərəli metodları tənzimləyir.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Hikmət Babaoğlu parlamentdə “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, qanun layihəsi hüquqi-məntiqi baxımdan bu yaxınlarda qəbul edilmiş korrupsiyaya qarşı mübarizə qanununun davamı olsa da, mahiyyət etibarilə tamamilə yeni qanundur.
Onun sözlərinə görə, qanunların yaradılması zərurəti cəmiyyətdə müvafiq ictimai sifariş yarandıqda meydana çıxır. Qanun layihəsinin təqdimatını dinləyərkən bu zərurəti təsdiqləyən halları xatırladığını deyən Hikmət Babaoğlu qeyd edib ki, əvvəllər müəyyən qurumlarda işləmiş şəxslərin sonradan həmin qurumlarla sahibkarlar arasında vasitəçilik etməsi kimi hallar mövcuddur.
Deputat vurğulayıb ki, maraqlar toqquşması kontekstində qohumluq əlaqələrindən istifadə edilməklə müəyyən məsələlərin həllinə nail olunması halları da bəzən ictimaiyyətdə, hətta mediada müzakirə edilir. Bu baxımdan o, qanun layihəsinin müzakirəyə vaxtında və yerində çıxarıldığını bildirib.
Hikmət Babaoğlu qeyd edib ki, qanun layihəsində hüquqi meyarlarla yanaşı, mənəvi meyarlar da əksini tapıb. O, korrupsiyaya qarşı mübarizədə və qanunların işləkliyinin təmin olunmasında daha səmərəli nəticələr əldə etmək üçün mənəvi və hüquqi kateqoriyalar arasında uyğunluğun necə yaradılmasının vacib məsələ olduğunu vurğulayıb.
Deputatın sözlərinə görə, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində indiyədək böyük nailiyyətlər əldə edilib. Vəzifəli şəxslərin həbsi ilə bağlı tədbirlərin davam etdiyini bildirən Hikmət Babaoğlu bu istiqamətdə görülən işlərin nəticələrinə toxunub.
O qeyd edib ki, hazırda cəmiyyətdə hər hansı vəzifəli şəxs haqqında ictimai şübhə yarandıqda və bu şübhələr geniş yayıldıqda, korrupsiyaya qarşı mübarizəni həyata keçirən müvafiq dövlət orqanları həmin şəxslə bağlı məsuliyyət tədbirləri görür.
Deputat hesab edir ki, “Maraqlar toqquşması haqqında” qanun qəbul edildikdən sonra bu sahədə daha səmərəli tədbirlərin həyata keçirilməsi mümkün olacaq.
Hikmət Babaoğlu qanun layihəsinin birinci maddəsində əsas anlayışların müəyyənləşdirilməsinin əhəmiyyətinə də diqqət çəkib. O bildirib ki, maraqlar toqquşması ilə bağlı məsələlərin hüquqi tənzimlənməsi zamanı “yaxınlar”, “ianə”, “qohumluq əlaqələri” və “maraqlı şəxs” kimi anlayışların hüquqi statusunun və izahının dəqiq müəyyənləşdirilməsi vacibdir.
Deputat xüsusilə “digər yaxınlar” anlayışının əhatə dairəsinin genişləndirilməsini təklif edib. Onun fikrincə, bu kateqoriyaya şəxsi, ideoloji, etik və ya işgüzar münasibətlərinə görə vəzifəli şəxsə yaxın olan digər şəxslər də daxil edilə bilər.
Hikmət Babaoğlu bildirib ki, insanlar arasında qohumluq və ya dostluq münasibətləri olmasa belə, ideoloji yaxınlıq və bir-birini doğma hesab etmək kimi münasibətlər mövcud ola bilər. Buna görə də maraqlar toqquşmasının müəyyənləşdirilməsi zamanı bu cür əlaqələrin də nəzərə alınması məqsədəuyğun ola bilər.
O, həmçinin şəxsi maraq anlayışına etik marağın əlavə edilməsinin mümkünlüyünü gündəmə gətirib. Deputatın fikrincə, vəzifəli şəxsin özünün və yaxın qohumlarının maraqları ilə yanaşı, etik baxımdan özünə yaxın hesab etdiyi şəxslərlə bağlı maraqların da müvafiq kateqoriyaya daxil edilməsi nəzərdən keçirilə bilər.
Hikmət Babaoğlu bu təklifin hüquqi baxımdan mümkünlüyünün qiymətləndirilməsinin vacibliyini qeyd edərək, məsələnin qanunvericilik baxımından uyğun olduğu təqdirdə nəzərə alınmasını təklif edib.
Deputat qanun layihəsində vicdanlı davranış və dürüstlük anlayışlarının tətbiqi ilə bağlı suallar da qaldırıb. O bildirib ki, vəzifəli şəxsin vicdanlı və ya qeyri-vicdanlı davranışının hansı meyarlarla qiymətləndiriləcəyi aydınlaşdırılmalıdır.
Hikmət Babaoğlu vicdanın və dürüstlüyün hüquqi baxımdan necə qiymətləndiriləcəyi, bu anlayışların hansı meyarlarla müəyyənləşdiriləcəyi və hüquq tətbiqetmə prosesində necə istifadə olunacağı məsələlərinin dəqiqləşdirilməsinin vacibliyini vurğulayıb.
