Bakı. Trend:
Azərbaycanda istehlak kreditləri üzrə vaxtı keçmiş kreditlərin artımı sistemli xarakter daşımır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, istehlak kreditləri üzrə vaxtı keçmiş kreditlərdə müəyyən artımlar müşahidə olunsa da, bu artım bank sektorunda sistemli risk yaratmır.
“Hazırda istehlakçıların vaxtı keçmiş kreditlərində artım kifayət qədər kiçik miqdarlarda da olsa olur. Əslində, o da sistemli xarakter daşımır. Banklarımızın maliyyə hesabatlarına baxanda görəcəksiniz ki, ehtiyatlarımızın örtülmə əmsalı kifayət qədər yüksəkdir”, - deyə T.Kazımov bildirib.
AMB sədri qeyd edib ki, istehlak kreditləri üzrə ehtiyatların örtülmə səviyyəsi kreditlərin məbləğindən iki dəfədən çox yüksəkdir.
“İstehlak kreditlərini götürək. Faktiki olaraq ehtiyatların örtülmə əmsalı kreditlərlə bağlı iki dəfədən yuxarı səviyyədədir. Ona görə də bu sistem üçün problem deyil, kritik haldır”, - deyə o vurğulayıb.
T.Kazımov bildirib ki, problemli kreditlərin müəyyən dövrlərdə həm mütləq, həm də nisbi ifadədə artması normal haldır.
“Bəzi dövrlərdə problemli kreditlər üzrə təzyiq olub və onların həm mütləq, həm də nisbi məbləğlərdə artımı müşahidə olunub. Problemli kreditlərin artması normal haldır. Mən özüm də kreditlər vermişəm”, - deyə AMB sədri əlavə edib.
O, kreditləşmə qaydalarında tətbiq edilən yeni tələblərin kreditlərin həcminə məhdudiyyət qoyulmasına deyil, risklərin daha effektiv bölüşdürülməsinə və kredit risklərinin daha düzgün qiymətləndirilməsinə yönəldiyini bildirib.
“Hazırda burada çox məhdudiyyət səslənir, amma əslində heç bir məhdudiyyət yoxdur. Yeni qaydalar risklərin daha effektiv paylanılmasına və qarşı tərəflə daha effektiv münasibətlərin qurulmasına yönəlib. Əvvəlki dövrlərdə istehlak kreditləri götürən şəxslər yenə həmin formada kredit götürə biləcəklər. Burada heç bir məhdudiyyət yoxdur”, - deyə T.Kazımov bildirib.
Onun sözlərinə görə, yeni tələblər çərçivəsində əsas məqsəd kredit risklərinin qiymətləndirilməsinin təkmilləşdirilməsidir.
“Biz tələblər gətiririk. Bu tələblərin əksəriyyəti kredit risklərinin daha düzgün qiymətləndirilməsi üçündür. Yeni ödəniş qaydalarında bəzi yeniliklər var. Bu, məhdudiyyət deyil, əslində risklərin daha düzgün qiymətləndirilməsi üçün istifadə olunacaq tələblərdir”, - deyə AMB sədri qeyd edib.
T.Kazımov problemli kreditlərin tamamilə olmamasının da sağlam kredit portfelinin göstəricisi kimi qəbul edilməməli olduğunu vurğulayıb.
“Problemli krediti olmayan kredit portfeli varsa, bu, o demək deyil ki, həmin kredit portfeli başqa istiqamətdə problem yaratmır. Bəzən deyirlər ki, mənim kredit portfelimdə problemli kreditlər yoxdur. Dərhal normativ baxışdan başa düşən insan sual verir ki, bu rəqəmlərin əsasında, yaxud bu portfeldə nə genişlənib? Çünki problemsiz kreditlər olmur”, - deyə o bildirib.
AMB sədri qeyd edib ki, tənzimləyici qurum üçün əsas məsələ problemli kreditlərin tamamilə olmaması deyil, onların kredit portfelində hansı səviyyədə olmasıdır.
“Bizim üçün, requlyator olaraq, əsas məsələ problemlərin hansı səviyyədə olmasıdır. İndiki durum bizim üçün məqbuldur. Düşünürük ki, göstəricilərimiz aşağıdır və qənaətbəxşdir. Problemli kreditlər 4-5 faizlərə çatanda narahat olmağa başlayırıq. İndiki vəziyyətdə isə həmin səviyyəyə çatmadığımız üçün narahat deyilik”, - deyə T.Kazımov əlavə edib.
