Azərbaycanda vəzifəli şəxslərlə bağlı yeni məhdudiyyətlər müəyyənləşdirilir

Cəmiyyət Sənəd 29 Oktyabr 2026 12:00 (UTC +04:00)
Azərbaycanda vəzifəli şəxslərlə bağlı yeni məhdudiyyətlər müəyyənləşdirilir
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda vəzifəli şəxslərin şəxsi maraqlarının xidməti vəzifələrinin icrasına təsirinin qarşısının alınması, maraqlar toqquşmasının aşkarlanması və aradan qaldırılması, habelə bu sahədə nəzarət mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu məsələ Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin bugünkü birgə iclasında müzakirə olunan “Maraqlar toqquşması haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, vəzifəli şəxslərin şəxsi maraqları ilə xidməti vəzifələri arasında ziddiyyətlərin idarə olunması qaydaları müəyyənləşdirilir, onların gəlirlərinə, sahibkarlıq və digər fəaliyyətlərinə, dövlət satınalmalarında iştirakına, hədiyyə və ianə qəbul etməsinə, xidməti məlumatlardan və dövlət əmlakından istifadəsinə dair məhdudiyyətlər tətbiq edilir.

Layihə vəzifəli şəxslərin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasını, dövlət və ictimai maraqların qorunmasını, cəmiyyətin dövlət orqanlarına və vəzifəli şəxslərə etimadının gücləndirilməsini hədəfləyir. Sənəd, həmçinin vəzifəli şəxslərin qulluq müddətində və vəzifədən ayrıldıqdan sonra riayət etməli olduqları məhdudiyyətləri əhatə edir.

Maraqlar toqquşması hansı hallarda yaranır?

Layihədə maraqlar toqquşması üç istiqamətdə fərqləndirilir. Potensial maraqlar toqquşması vəzifəli şəxsin şəxsi maraqları ilə xidməti vəzifələri arasında gələcəkdə yarana biləcək ziddiyyəti, real maraqlar toqquşması isə artıq mövcud olan və xidməti vəzifələrin qərəzsiz icrasına təsir göstərən ziddiyyəti ifadə edir.

Təəssürat yaradan maraqlar toqquşması isə real ziddiyyət mövcud olmadığı halda, şəxsi maraqla xidməti vəzifələr arasında belə bir ziddiyyətin olmasına dair əsaslı görüntünün yaranmasıdır.

Şəxsi maraq dedikdə vəzifəli şəxsin özünün, yaxın qohumlarının, qohumlarının və ya digər yaxınlarının maddi və ya qeyri-maddi nemət, fayda, üstünlük, imtiyaz və ya güzəşt əldə etməsi ilə bağlı gözləntisi nəzərdə tutulur.

Layihədə digər yaxınlar şəxsi və ya işgüzar münasibətlərə görə vəzifəli şəxsə yaxın olan şəxslər kimi müəyyən edilir. Hədiyyə anlayışına isə yalnız əşya və pul deyil, bazar qiymətindən aşağı və ya əvəzsiz təqdim edilən qeyri-maddi nemətlər, xidmətlər, güzəştlər, hüquqların ötürülməsi və öhdəliklərdən azad edilmə də daxildir.

Qanunun tətbiqi dövlət və yerli özünüidarəetmə orqanlarını, dövlət və ya bələdiyyə mülkiyyətində olan, yaxud onların nəzarət zərfinə malik olduğu hüquqi şəxsləri, publik hüquqi şəxsləri və büdcə təşkilatlarını əhatə edir.

Maraqlar toqquşmasının idarə olunması vicdanlı davranış, dövlət və ictimai maraqların üstünlüyü, risklərin erkən aşkarlanması, şəffaflıq, hesabatlılıq, məsuliyyət, dürüstlük, obyektivlik və qərəzsizlik prinsiplərinə əsaslanır.

Vəzifəli şəxslərin gəlirlərinə və sahibkarlıq fəaliyyətinə məhdudiyyətlər qoyulur

Layihəyə görə, vəzifəli şəxslər vergidən azad və ya güzəştli vergi rejimi tətbiq edilən, habelə qanun layihəsində göstərilən digər ərazilərdə və dövlətlərdə yerləşən və ya qeydiyyata alınan emitentlərin qiymətli kağızlarından gəlir əldə edə bilməzlər.

Dövləti və ya bələdiyyəni hüquqi şəxslərin idarəetmə orqanlarında təmsil edən vəzifəli şəxslərə təmsil etdikləri hüquqi şəxsdən və onun idarəetmə orqanlarının üzvlərindən hədiyyə qəbul etmək, həmin hüquqi şəxsin payını, səhmini, əmlakını və ya əmlak hüquqlarını əldə etmək, eləcə də orada hər hansı ödənişli vəzifə tutmaq qadağan edilir. Bu məhdudiyyətlər nümayəndəlik funksiyasına xitam verildikdən sonra da iki il müddətində qüvvədə qalır.

Vəzifəli şəxslərin birbaşa, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq, kommersiya və qanunda nəzərdə tutulan istisnalar xaricində digər ödənişli fəaliyyətlə məşğul olmasına yol verilmir.

Bununla yanaşı, sahibkarlıq və digər ödənişli fəaliyyətlə məşğul olmadan, xidməti vəzifələrin icrası ilə əlaqəsi olmayan hallarda əmanətlərdən, qiymətli kağızlardan, rentadan, royaltilərdən və icarədən qanunvericiliyə uyğun gəlir əldə etmək mümkündür. Lakin xidməti fəaliyyət zamanı əldə edilmiş ictimaiyyətə açıqlanmayan məlumatlardan istifadə etməklə qiymətli kağızlarla əməliyyat aparmaq və maddi üstünlük əldə etmək qadağandır.

Dövləti və ya bələdiyyəni hüquqi şəxsdə təmsil etmək halları istisna olmaqla, vəzifəli şəxslər sahibkarlıq subyektlərinin idarəetmə orqanlarında və təftiş komissiyalarında iştirak edə və həmin subyektləri təmsil edə bilməzlər.

Dövlət satınalmalarında və bələdiyyə sifarişlərində iştirak məhdudlaşdırılır

Layihə dövlət satınalmalarında iştiraka dair məhdudiyyətləri müvafiq qanunvericiliyə uyğun tənzimləyir.

Bələdiyyə üzvləri, bələdiyyə qulluqçuları, onların səhmdar və ya payçı olduqları hüquqi şəxslər, eləcə də həmin vəzifəli şəxslərin yaxın qohumları, qohumları, digər yaxınları və onların iştirakçısı olduqları hüquqi şəxslər müvafiq bələdiyyənin sifarişlərinin verilməsində iştirak edə bilməzlər.

Həmin şəxslərə müvafiq bələdiyyənin vəsaitindən, habelə bələdiyyə zəmanəti ilə verilən kreditlərdən yararlanmaq da qadağan edilir.

Şəxsi marağa toxunan qərarların qəbulunda iştirak qadağan edilir

Vəzifəli şəxslərin şəxsi maraqlarına toxunan məsələlər üzrə hüquqi və inzibati aktların hazırlanmasında və qəbulunda, müqavilələrin bağlanmasında, nəzarət və yoxlama funksiyalarının həyata keçirilməsində iştirakı məhdudlaşdırılır.

Kollegial qurumun üzvü olan vəzifəli şəxs baxılan məsələ onun şəxsi maraqlarına toxunduqda qurumu əvvəlcədən məlumatlandırmalı və müvafiq əsaslar olduqda məsələnin müzakirəsində iştirakdan kənarlaşmalıdır.

Əvvəllər özəl sektorda sahibkarlıq subyektinin idarəetmə orqanında və ya təftiş komissiyasında çalışmış vəzifəli şəxs əmək münasibətləri başa çatdıqdan sonra iki il ərzində həmin subyektin fəaliyyəti ilə bağlı işə qəbul olunduğu və ya təyin edildiyi qurumun adından müvafiq hüquqi və inzibati aktlar qəbul edə, eləcə də qanunda nəzərdə tutulan istisnalar xaricində mülki-hüquqi müqavilələr bağlaya bilməz.

Digər tərəfdən, sahibkarlıq subyektlərinə nəzarət edən, onların fəaliyyəti ilə bağlı qərarlar qəbul edən və ya müqavilələr bağlayan vəzifəli şəxslər qurumla əmək münasibətlərinə və ya səlahiyyətlərinə xitam verildikdən sonra iki il ərzində nəzarət etdikləri, qərarlar qəbul etdikləri və müqavilələr bağladıqları özəl sahibkarlıq subyektlərində işləyə və qanunda göstərilən istisnalar xaricində həmin subyektlərlə müqavilə bağlaya bilməzlər.

Belə iş təklifi alan vəzifəli şəxs bu barədə təklifin verildiyi vaxtdan üç iş günü ərzində səlahiyyətli subyektlərə məlumat verməlidir.

Layihə, həmçinin vəzifəli şəxslərin özlərinin və digər şəxslərin şəxsi maraqlarına toxunan məsələlər üzrə başqa vəzifəli şəxslərin qərarlarına, müqavilələrinə, nəzarət və yoxlama fəaliyyətinə vəzifə səlahiyyətlərindən istifadə etməklə təsir göstərməsini qadağan edir.

Hədiyyə və ianələrin qəbuluna dair qaydalar müəyyənləşdirilir

Hədiyyə və sadə qonaqpərvərliklə bağlı məhdudiyyətlər korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliklə müəyyən edilir. Layihə isə onların qeydiyyatı və maraqlar toqquşmasına səbəb olduğu hallarda görüləcək tədbirləri nəzərdə tutur.

Vəzifəli şəxs hədiyyə və ya sadə qonaqpərvərlik qəbul etdikdən sonra üç iş günü ərzində onun adı, növü, xüsusiyyətləri, qiyməti, verilmə məqsədi, tarixi, vaxtı, yeri və verən subyekt barədə məlumatları səlahiyyətli subyektlərə təqdim etməli, məlumatları təsdiqləyən sübutları da əlavə etməlidir.

Səlahiyyətli subyektlər hədiyyələrin və sadə qonaqpərvərliyin qeydiyyatını aparır. Qəbul edilmiş hədiyyə maraqlar toqquşmasına səbəb olarsa, onun geri qaytarılması, bu mümkün olmadıqda isə qurumun balansına keçirilməsi barədə qərar qəbul edilir.

İanələrin qəbuluna da xüsusi şərtlər qoyulur. Qurumun səlahiyyətlərinin icrası ilə əlaqədar fiziki və hüquqi şəxslərdən ianə istənilməsi, tələb edilməsi və alınması, qanunda nəzərdə tutulan istisnalar xaricində, yolverilməz hesab edilir.

İanə qəbuluna yalnız maraqlar toqquşmasının idarə edilməsi üzrə səlahiyyətli struktur bölmənin və ya şəxsin rəyi əsasında qurum rəhbərinin yazılı razılığı ilə icazə verilir. İanə barədə müraciətə 20 iş günü ərzində baxılır. Bu zaman ianənin qurumun səlahiyyətlərinin qərəzsiz və obyektiv icrasına təsir göstərib-göstərmədiyi, yaxud belə təsir təəssüratı yaradıb-yaratmadığı qiymətləndirilir.

İanə ilə bağlı danışıqlarda qurumun həmin sahə üzrə işçisinin iştirakına yol verilmir. İanə hesabına qurumun işçilərinə məvacib, mükafat, ödəniş və ya hədiyyə verilə bilməz. İanə müqabilində ianə verənə və ya başqa şəxsə maddi nemət, imtiyaz və ya güzəşt təklif etmək, vəd vermək və ya təqdim etmək də qadağan edilir. Vəzifəli şəxslər üçüncü şəxslərin xeyrinə ianə istəyə, tələb edə və ya ala bilməzlər.

Qurumlar əvvəlki il ərzində qəbul edilmiş ianələrin məbləği və ianə verən subyektlər barədə hər il yanvarın 15-dək ictimaiyyətə məlumat verməlidirlər.

Əlavə iş, kənar fəaliyyət və reklamla bağlı qadağalar

Vəzifəli şəxslər şəxsi maraqlarının olduğu məsələlərdə, o cümlədən gəlir əldə etdikləri fiziki və hüquqi şəxslərlə münasibətlərdə təmsil etdikləri qurum adından çıxış edə bilməzlər. Qulluq etdikləri müddətdə qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi olmaları da qadağandır. Vəzifədən azad edildikdən və ya səlahiyyətlərinə xitam verildikdən sonra iki il ərzində işlədikləri qurumun işləri üzrə üçüncü şəxsləri təmsil edə bilməzlər.

Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, vəzifəli şəxslər səlahiyyətli subyektlərin rəyi olmadan əlavə vəzifə tuta və ya kənar fəaliyyətlə məşğul ola bilməzlər. Belə fəaliyyətə yalnız onun əsas vəzifənin icrası ilə maraqlar toqquşması yaratmadığı və xidməti öhdəliklərin effektiv yerinə yetirilməsinə mane olmadığı halda yol verilə bilər.

Vəzifəli şəxslər xidməti vəzifələrinin icrasına görə qanunsuz maddi və ya qeyri-maddi nemət, imtiyaz və güzəşt əldə edilməsinə yol verməməlidirlər. Qanunla ödənişsiz xidmət göstərilməsi nəzərdə tutulan hallarda həmin xidmətə görə ödəniş tələb edilə bilməz. Dövlət rüsumları və xidmət haqları da qanunla müəyyən edilmiş məbləğdən artıq tələb oluna bilməz.

Layihəyə əsasən, vəzifəli şəxslərin reklamla məşğul olması, eləcə də şəxsi maraq və ya hər hansı ödəniş müqabilində sahibkarın, onun istehsal və ya idxal etdiyi malların, gördüyü işlərin və göstərdiyi xidmətlərin lehinə münasibət bildirməsi qadağandır.

Bundan əlavə, vəzifəli şəxslər xidməti məlumatlardan və qanunla qorunan sirlərdən həm qulluq müddətində, həm də səlahiyyətlərinə xitam verildikdən sonra xidməti vəzifələrin icrası ilə bağlı olmayan məqsədlər üçün, o cümlədən özlərinin və ya üçüncü şəxslərin xeyrinə istifadə edə bilməzlər. Dövlət və bələdiyyə əmlakından, maliyyə vəsaitlərindən, rabitə və kompüter sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki avadanlıqlardan şəxsi maraqlar naminə və xidməti vəzifələrlə əlaqəsi olmayan məqsədlər üçün istifadə edilməsinə də yol verilmir.

Şəxsi maraqlar haqqında bəyannamə təqdim olunacaq

Maraqlar toqquşmasının idarə edilməsi üçün səlahiyyətli subyektlər müəyyənləşdirilir. Müvafiq vəzifəli şəxslərlə bağlı səlahiyyətlər Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya, Milli Məclisin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin intizam komissiyalarına, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun struktur bölməsinə, digər vəzifəli şəxslərlə bağlı isə onların çalışdıqları qurumların səlahiyyətli struktur bölmələrinə və ya şəxslərinə həvalə edilir.

Qurum rəhbəri maraqlar toqquşması hallarının qarşısının alınması üçün tədbirlər görməli, qurumun səlahiyyətlərini və işçilərinin sayını nəzərə alaraq bu sahəyə məsul struktur bölməni və ya şəxsi müəyyən etməlidir.

Səlahiyyətli subyektlər şəxsi maraqlar haqqında bəyannamələri yoxlayır və təhlil edir, maraqlar toqquşması barədə müraciətlərə baxır, pozuntular aşkarlandıqda məsuliyyət tədbirləri üçün müvafiq addımlar atır, riskli sahələrdə qabaqlayıcı tədbirlər görür və işçilərin bilik və bacarıqlarının artırılması üçün maarifləndirmə tədbirləri təşkil edirlər.

Vəzifəli şəxslər vəzifəyə təyin edilməzdən və ya xidməti vəzifələrinin icrasına başlamazdan əvvəl, eləcə də vəzifəyə təyin edildikdən və ya seçildikdən sonra hər il aprelin 15-dək şəxsi maraqlar haqqında bəyannamə təqdim etməlidirlər. Bəyannamənin forması və təqdim edilmə qaydası müvafiq səlahiyyətli qurum tərəfindən müəyyən olunacaq.

Bəyannamənin üzrsüz səbəbdən vaxtında təqdim edilməməsi, qəsdən natamam və ya təhrif olunmuş məlumatların verilməsi qadağan edilir. İşə qəbul edilən və ya başqa vəzifəyə təyin olunan şəxs şəxsi maraqlarını bəyan etməməsinin hüquqi nəticələri barədə əvvəlcədən məlumatlandırılır.

Maraqlar toqquşması necə araşdırılacaq və həll ediləcək?

Maraqlar toqquşması şəxsi maraqlar haqqında bəyannamələrin, hədiyyə və sadə qonaqpərvərlik barədə məlumatların, maliyyə xarakterli məlumatların, qurumlardan daxil olan məlumatların, eləcə də fiziki və hüquqi şəxslərin müraciətlərinin və mediada yayımlanan məlumatların təhlili əsasında müəyyən edilə bilər.

Vəzifəyə namizədin qanunda nəzərdə tutulan məhdudiyyətlərə riayət edib-etməməsi səlahiyyətli struktur bölmə və ya şəxs tərəfindən yoxlanılır. Yoxlama iki ay müddətində aparılır və nəticəsi barədə qurum rəhbərinə yazılı rəy təqdim edilir.

Vəzifəli şəxs maraqlar toqquşmasının qarşısını özü ala bilmədikdə bu barədə dərhal, bu mümkün olmadıqda isə məlumat ona məlum olduğu vaxtdan üç iş günündən gec olmayaraq səlahiyyətli subyektlərə yazılı məlumat verməlidir.

Maraqlar toqquşması ehtimalı ilə bağlı məlumat daxil olduqda və ya müvafiq əlamətlər aşkar edildikdə araşdırma aparılır. Layihəyə əsasən, araşdırma müvafiq məlumatın daxil olduğu və ya maraqlar toqquşmasının əlamətlərinin aşkar edildiyi vaxtdan 30 iş günü ərzində həyata keçirilməlidir. Araşdırmanın nəticəsi barədə vəzifəli şəxsə və müraciət müəlliflərinə dərhal yazılı məlumat verilir.

Maraqlar toqquşmasının həlli zamanı vəzifəli şəxsin xidməti öhdəlikləri, şəxsi marağın xarakteri, ziddiyyətin növü və davametmə müddəti, onun nəticələri, habelə maraqlı şəxslərlə münasibətlərin xüsusiyyətləri nəzərə alınır.

Maraqlar toqquşması ehtimalı barədə məlumat verən vəzifəli şəxs səlahiyyətli subyektlər qərar qəbul edənədək xidməti vəzifələrinin maraqlar toqquşması ilə əlaqəli hissəsinin icrasını müvəqqəti dayandırır. Müvafiq qərar qəbul edildikdə həmin şəxsin icraatında olan iş başqa vəzifəli şəxsə verilir.

Maraqlar toqquşmasının aradan qaldırılması üçün qərarların qəbulunda iştirakın məhdudlaşdırılması, vəzifə səlahiyyətlərinin dəyişdirilməsi, müvafiq xidməti vəzifələrin icrasından kənarlaşdırma, başqa vəzifəyə keçirmə, aktivlərin özgəninkiləşdirilməsi, ziddiyyət yaradan kənar fəaliyyətə və ya işə xitam verilməsi, şəxsi marağın digər üsullarla aradan qaldırılması və müvafiq informasiyaya çıxış imkanlarının məhdudlaşdırılması kimi tədbirlər nəzərdə tutulur.

Maraqlar toqquşması nəticəsində əldə edilən əmlak geri alınacaq

Layihəyə görə, maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlak, imtiyaz, güzəşt və ya onların dəyəri vəzifəli şəxs tərəfindən könüllü olaraq dövlət nəfinə ödənilməlidir.

Şəxs əldə etdiyi əmlakı qaytarmaqdan və ya onun, eləcə də əldə etdiyi imtiyaz və güzəştlərin dəyərini ödəməkdən imtina etdikdə, müvafiq qurumun iddiası əsasında məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə həmin əmlak, imtiyaz, güzəşt və ya onların dəyəri məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alına bilər.

Maraqlar toqquşması nəticəsində qəbul edilmiş aktlar da qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq qurum tərəfindən və ya qurumun, yaxud digər şəxslərin müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilə bilər. Bu qayda təəssürat yaradan maraqlar toqquşması nəticəsində qəbul edilmiş aktlara şamil edilmir.

Nəzarət və məsuliyyət mexanizmləri

Qanunun tələblərinə riayət olunmasına nəzarət maliyyə xarakterli məlumatlar, şəxsi maraqlar haqqında bəyannamələr və qanunla müəyyən edilmiş qaydada əldə edilən digər məlumatlar əsasında həyata keçiriləcək.

Birbaşa nəzarəti qurum rəhbərləri və səlahiyyətli subyektlər həyata keçirəcəklər. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya qurumlarda qanunun icra vəziyyətini öyrənəcək, statistik məlumatları ümumiləşdirəcək, qanunun tətbiqi ilə bağlı təklif və tövsiyələr hazırlayacaq, ictimaiyyətə məlumat verəcək.

Qurumlar, fiziki və hüquqi şəxslər maraqlar toqquşması ilə bağlı vəzifəli şəxsin çalışdığı qurumun rəhbərinə, müəyyən vəzifəli şəxslərlə bağlı hallarda isə Komissiyaya müraciət edə biləcəklər. Bu imkan şəxslərin ümumi qaydada şikayət vermək hüququnu məhdudlaşdırmır.

Komissiya müraciətləri araşdıracaq, nəticələr əsasında müvafiq qurumların fəaliyyətinin dövlət orqanları və ya auditor təşkilatları tərəfindən yoxlanılmasını həvalə edə, maraqlar toqquşmasının aradan qaldırılması ilə bağlı göstərişlər verə biləcək. İnzibati xəta və ya cinayət əlamətləri aşkarlandıqda qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Maraqlar toqquşması tələblərini pozan vəzifəli şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyacaqlar. İntizam məsuliyyətinə cəlb edilmə mülki, inzibati və cinayət məsuliyyətini istisna etmir.

Qanun layihəsi vəzifəli şəxslərin statusunu nəzərə alaraq intizam məsuliyyətinə cəlb edilmə qaydalarını da müəyyən edir. Seçilmiş və ya təyin edilmiş şəxslərlə bağlı müvafiq məlumatlar onları təyin edən və ya seçildikləri qurumun rəhbərliyinə, bələdiyyələrə seçilmiş şəxslərlə bağlı məlumatlar isə müvafiq seçki komissiyasına təqdim edilir. Hakimlər tərəfindən maraqlar toqquşmasına yol verildikdə Komissiya intizam tənbehinin tətbiqi məsələsinə baxılması üçün Məhkəmə-Hüquq Şurasına məlumat verir.

Layihəyə əsasən, qanun dərc olunduğu gündən altı ay sonra qüvvəyə minəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti