Bakı. Trend:
Azərbaycanda bank sektorunda məcburi ehtiyat tələbləri nəzərə alınmaqla 6,2 milyard manat izafi likvidlik mövcuddur. Bankların bütün müvafiq tələblər nəzərə alındıqdan sonra kreditləşmə üçün istifadə edə biləcəyi sərbəst vəsaitlərin həcmi isə 4,6 milyard manat təşkil edir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank bank sektorunda yaranmış izafi likvidliyi monetar siyasətin əməliyyat çərçivəsindəki alətləri vasitəsilə sterilizasiya edir. Bu məqsədlə əsasən birhəftəlik depozit əməliyyatlarından istifadə olunur.
“Bank sektorunda kifayət qədər böyük həcmdə likvidlik var. Məcburi ehtiyat tələblərini və likvidliklə bağlı digər tələbləri nəzərə aldıqda, hazırda bankların kreditləşmə üçün istifadə edə biləcəyi 4,6 milyard manat sərbəst vəsaiti mövcuddur”, – deyə T.Kazımov qeyd edib.
AMB sədri bildirib ki, bank sektorunda izafi likvidliklə bağlı vəziyyət ötən ilin dördüncü rübündən etibarən davam edir.
