Bakı. Trend:
Azərbaycanda beynəlxalq terror təşkilatının fəaliyyətində iştirak etməkdə və terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən 8 nəfərə hökm oxunub.
Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Məhəmməd Hüseynli, Müşfiq Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hökmə əsasən, Vüqar Nəcəfli və Camal Gözəlovun hər biri 9 il 6 ay, Tofiq Yusifli və Dadaş Həşimovun hər biri 8 il 6 ay, Məhəmməd Hüseynlinin 13 il, Müşfiq Həşimovun 10 il, Mir Cavad Hüseynlinin 12 il 6 ay, Tural Ağayevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib.
İstintaq materiallarına əsasən, Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimov 2024-cü ildə Azərbaycanı tərk edərək Pakistanın Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləniblər. Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etdikləri, həmçinin silahlı hazırlıq keçdikləri müəyyən edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxslərin xarici ölkələrdə saxlanılaraq Azərbaycana gətirilməsi təmin olunub.
Araşdırmalar zamanı Tofiq Yusifli və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi də müəyyən edilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlikdə iştirak etmə, eləcə də Azərbaycanın hüdudlarından kənarda dini düşmənçilik zəminində yaradılmış qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirakla bağlı maddələri üzrə məsuliyyətə cəlb ediliblər.
