Bakı. Trend:
Rusiyanın Baş prokuroru Aleksandr Qutsan Azərbaycanın “Prokurorluğun yaradılmasının 100 illiyi” medalı ilə təltif olunub.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, medal cümə axşamı Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə Aleksandr Qutsanın ikitərəfli görüşü çərçivəsində keçirilən təltifetmə mərasimində təqdim olunub.
Kamran Əliyev Azərbaycan və Rusiya prokurorluqları arasında yüksək səviyyəli işgüzar münasibətlərin və əlaqələrin mövcud olduğunu bildirib.
O, münasibətlərin inkişafının, qarşılıqlı etimadın möhkəmləndirilməsinin, təhlükəsizliyin və qanunun aliliyinin təmin olunmasının əhəmiyyətini vurğulayıb.
“Bu gün apardığımız müzakirələr və əldə etdiyimiz razılaşmalar xalqlarımızın, cəmiyyətlərimizin və dövlətlərimizin rifahı naminə əməkdaşlığımızı daha da gücləndirəcək”, – deyə Kamran Əliyev bildirib.
Təltifetmə mərasimində çıxış edən Aleksandr Qutsan da Azərbaycan və Rusiyanı ümumi tarixin və prokurorluq orqanları arasında ildən-ilə möhkəmlənən dostluq münasibətlərinin bağladığını qeyd edib.
“Azərbaycan və Rusiyanı ümumi tarix, prokurorluq orqanlarının oxşar strukturu və ildən-ilə möhkəmlənən dostluq münasibətləri bağlayır. Düşünürəm ki, birgə səylərlə həm sadə, həm də mürəkkəb məsələləri həll edə biləcəyik”, – deyə Rusiyanın Baş prokuroru vurğulayıb.
