Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının artırılması ilə bağlı konkret hədəfi və ya limiti yoxdur. Mərkəzi Bank valyuta bazarına müdaxilələr zamanı aldığı xarici valyutanın manat emissiyasına və inflyasiyaya mümkün təsirlərini qiymətləndirərək qərar verir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank cari ilin sonunadək də valyuta bazarında alış yönümlü müdaxilələrini davam etdirməyi gözləyir. İlin sonunadək təxminən 1 milyard ABŞ dolları həcmində valyuta alınması ehtimal olunur.
“Bizim belə bir hədəfimiz yoxdur ki, valyuta ehtiyatlarımız müəyyən səviyyəyə çatmalıdır və həmin səviyyədə alış müdaxilələrini dayandırmalıyıq. Gözləntimiz odur ki, ilin sonunadək alış yönümlü müdaxilələrimiz davam edəcək. Təxminən 1 milyard ABŞ dolları həcmində alış həyata keçirə bilərik”, – deyə T.Kazımov qeyd edib.
AMB sədri banklararası pul bazarının fəaliyyətinə də toxunub. O bildirib ki, Mərkəzi Bankın əsas məqsədlərindən biri bankların sərbəst vəsaitlərini bir-birinə yerləşdirməsini təşviq etmək və banklararası bazarda aktivliyi artırmaqdır.
Onun sözlərinə görə, əvvəllər banklar sərbəst vəsaitlərini digər banklarda yerləşdirməkdənsə, Mərkəzi Banka yerləşdirməyə üstünlük verirdilər. Sentyabrın 23-də qəbul edilən qərardan sonra Mərkəzi Bankın banklardan vəsait cəlb edərkən ödədiyi faiz dərəcəsinin 5 faizə endirilməsi banklararası bazarda əməliyyatları daha cəlbedici edib.
“Bizim məqsədimiz odur ki, banklar sərbəst vəsaitlərini Mərkəzi Bankda yerləşdirməkdənsə, daha çox bir-birləri arasında yerləşdirsinlər. Təbii ki, kreditə tələb olduğu halda, banklar vəsaitlərini Mərkəzi Bankda saxlamaq əvəzinə kreditləşməyə də yönəldə bilərlər”, – deyə o vurğulayıb.
T.Kazımov qeyd edib ki, bütün banklar banklararası bazarda iştirak edə bilirlər. Bununla belə, hər bir bankın likvidlik ehtiyacı fərqlidir: bəzi banklarda sərbəst vəsait çox, digərlərində isə daha az ola bilər.
AMB sədri valyuta ehtiyatlarının artırılmasının iqtisadiyyata və inflyasiyaya təsiri ilə bağlı suala cavabında bildirib ki, Mərkəzi Bank bu il 3,6 milyard ABŞ dolları həcmində valyuta alıb və bunun müqabilində manat emissiyası həyata keçirib.
“Lakin bu manat vəsaitlərinin iqtisadiyyata birbaşa təsiri yoxdur, çünki onlar müxtəlif formalarda mövcuddur. Əgər həmin vəsaitlər dərhal iqtisadiyyatda istifadə olunsa, inflyasiya proseslərini sürətləndirə bilər. Hazırda isə biz bunu müşahidə etmirik”, – deyə T.Kazımov bildirib.
Onun sözlərinə görə, əlavə manat kütləsinin inflyasiyaya təsir göstərə biləcəyi əsas kanallardan biri kreditləşmədir. Kreditləşmənin artması isə iqtisadiyyatda tələbin mövcudluğundan asılıdır.
“Hazırda valyuta ehtiyatlarının artırılması ilə bağlı müəyyən rəqəmdə dayanmaq kimi hədəfimiz və limitimiz yoxdur. Hər dəfə manat emissiyası həyata keçirdikdə onun inflyasiyaya təsirini qiymətləndiririk. Risk olmadığını gördükdə valyuta alışlarını davam etdiririk”, – deyə AMB sədri əlavə edib.
