Bu il büdcə xərclərinin yarısı həmin sahəyə yönəldilib

İqtisadiyyat Xəbər 29 Oktyabr 2026 12:29 (UTC +04:00)
Bu il büdcə xərclərinin yarısı həmin sahəyə yönəldilib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin xərcləri 25 milyard 348,2 milyon manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 680 milyon manat və ya 2,8 faiz çoxdur.

Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Hesabat dövründə əməkhaqlarının, müavinətlərin və pensiyaların ödənilməsi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, dövlət proqramlarının və məqsədli tədbirlərin həyata keçirilməsi, dövlət borcu üzrə öhdəliklərin yerinə yetirilməsi və digər zəruri xərclərin maliyyələşdirilməsi tam və vaxtında təmin edilib.

Maliyyə Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsi xərclərinin 16 milyard 613,7 milyon manatı və ya 65,6 faizi cari xərclərin payına düşüb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 567,3 milyon manat və ya 10,4 faiz çoxdur.

Dövlət büdcəsi xərclərinin 7 milyard 284,7 milyon manatı və ya 28,7 faizi əsaslı xərclərə yönəldilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 820,3 milyon manat və ya 10,1 faiz azdır.

Dövlət borcuna xidmətlə bağlı xərclər 1 milyard 449,8 milyon manat təşkil edib ki, bu da dövlət büdcəsinin ümumi xərclərinin 5,7 faizinə bərabərdir.

Məlumatda qeyd olunub ki, sosialyönlü xərclərin maliyyələşdirilməsinə 12 milyard 643 milyon manat vəsait yönəldilib. Bu, dövlət büdcəsinin ümumi xərclərinin 49,9 faizini təşkil edib.

2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə sosialyönlü xərclər 1 milyard 643,6 milyon manat və ya 14,9 faiz artıb.

Sosialyönlü xərclərə əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlərin ödənilməsi, dərman, sarğı ləvazimatları və materiallarının alınması, habelə icbari tibbi sığorta üzrə xərclər daxildir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti