İspaniyadakı ağır qəzadan sonra qatar maşinistləri işə çıxmır

Dünya xəbərləri Xəbər 29 Oktyabr 2026 13:25 (UTC +04:00)
İspaniyadakı ağır qəzadan sonra qatar maşinistləri işə çıxmır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İspaniyanın Kataloniya bölgəsində Renfe şirkətinin qatar maşinistləri tətilə başlayıb. Bu səbəbdən qatar reyslərinin sayı kəskin azalıb.

Bu barədə “20minutos” qəzeti məlumat yayıb.

Səhər pik saatlarında Rodalies xətləri və regional marşrutlar üzrə qatarların 66 faizi hərəkət edib. Günorta bu göstəricinin 33 faizə düşəcəyi, axşam isə yenidən 66 faizə çatacağı gözlənilir. Sürətli və uzun məsafəli qatarların 73 faizi, yük qatarlarının isə 26 faizi fəaliyyət göstərəcək.

Maşinistlərin Semaf həmkarlar ittifaqı oktyabrın 28-də Toledoda baş vermiş dəmir yolu qəzasından sonra təhlükəsizlik sahəsində struktur dəyişiklikləri və əlverişsiz hava şəraiti zamanı tətbiq olunan protokolların təkmilləşdirilməsini tələb edərək tətil elan edib.

Renfe tətili əsassız hesab edir və tələblərin bir qisminin şirkətin səlahiyyətləri xaricində olduğunu bildirir.

Xatırladaq ki, oktyabrın 28-də Renfe şirkətinə məxsus AVE sürət qatarı Toledo yaxınlığında özəl Iryo daşıyıcısının qatarı ilə toqquşub. Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxıb. Hər iki qatarda ümumilikdə təxminən 540 sərnişin olub. Hadisə nəticəsində azı 68 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti