Azərbaycan texnoparklar üçün nəzərdə tutulan güzəştlərdən yararlana biləcək şirkətlərin siyahısını genişləndirib

İqtisadiyyat Xəbər 29 Oktyabr 2026 14:11 (UTC +04:00)
Azərbaycan texnoparklar üçün nəzərdə tutulan güzəştlərdən yararlana biləcək şirkətlərin siyahısını genişləndirib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan texnopark rezidenti statusu ala və onlar üçün nəzərdə tutulan güzəştlərdən yararlana biləcək şirkətlərin siyahısını genişləndirib.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu cümə axşamı Bakıda texnologiya və innovasiya sahəsində qanunvericiliyə edilən dəyişikliklərə həsr olunmuş brifinqdə Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov bildirib.

Onun sözlərinə görə, artıq kibertəhlükəsizlik, süni intellekt, əşyaların interneti (IoT) və biotexnologiyalar sahələrində fəaliyyət göstərən müəssisələr də dəstək tədbirlərindən yararlana biləcəklər.

“Əvvəllər müvafiq mexanizmlər çərçivəsində əsasən proqram təminatının hazırlanması ilə məşğul olan İKT müəssisələri qeydiyyata alınırdı. İndi güzəştlərin əhatə dairəsi yeni texnoloji istiqamətlər, eləcə də İKT sahəsində xidmət göstərən şirkətlər hesabına genişləndirilib”, - deyə Osmanov qeyd edib.

O vurğulayıb ki, texnopark rezidenti statusu almaq üçün şirkətlərin mütləq müəyyən ərazidə yerləşməsi tələb olunmur. Azərbaycanın regionlarında fəaliyyət göstərən müəssisələr rəqəmsal formatda qeydiyyatdan keçərək məsafədən rezident statusu əldə edə biləcəklər.

F. Osmanov həmçinin bildirib ki, 2027-ci il yanvarın 1-dən etibarən müvafiq müəssisələrin bir il müddətinə gəlir, mənfəət, əmlak və torpaq vergilərindən azad edilməsi nəzərdə tutulur.

“Bundan əlavə, qanunvericiliyə edilən dəyişikliklər rezidentlərin qeydiyyatı prosedurunun sadələşdirilməsinə və sürətləndirilməsinə yönəlib.

Yeni mexanizmlər müvafiq sistem çərçivəsində qeydiyyatdan keçmiş mütəxəssislər üçün də vergi və sosial güzəştləri nəzərdə tutur.

İnvestorlar üçün də əlavə stimullar müəyyən edilib. Xüsusilə, yerli və xarici investorların kraudfandinq platformaları və vençur fondları vasitəsilə həyata keçirdikləri investisiyalardan əldə olunan gəlirlərin vergidən azad edilməsi nəzərdə tutulur. Bu güzəştlər startaplara və texnoloji müəssisələrə yatırılan investisiyalara şamil ediləcək.

Bundan başqa, xarici İKT mütəxəssislərinin qeydiyyatı proseduru sadələşdirilir. Qanunvericilik dəyişiklikləri frilanserlərin fəaliyyət şərtlərini də tənzimləyir və müəyyən edilmiş qaydalara uyğun olaraq onların Azərbaycanda əldə etdikləri gəlirlərin vergidən azad olunmasını nəzərdə tutur”, - deyə F. Osmanov bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti