Bakı. Trend:
Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb.
DİN-in Mətbuat Xidmətindən Trend.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyən edilərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunub.
Hadisənin tam, hərtərəfli və obyektiv araşdırılması, münaqişə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət verilməsi istiqamətində polis tərəfindən zəruri istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, oktyabrın 28-də Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbin 7-ci sinif şagirdinin dərs zamanı pəncərədən yıxılması ilə bağlı əraziyə gedən REAL TV-nin çəkiliş qrupu məktəbin həyətində bir qrup şəxsin hücumuna məruz qalıb.
İddia olunur ki, hücum məktəbin qarovulçusunun təhriki ilə baş verib. Nəticədə telekanalın operatoru və stajoru müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
