Bakı.Trend:
Fransa Prezidenti Emmanuel Makron ölkədə baş alan etirazlar dalğası ilə bağlı sual qarşısında çaşqın vəziyyətə düşüb.
Fransa lideri ilə müsahibə "HugoDecrypte" YouTube kanalında yayımlanıb.
Makrona 7 yaşlı uşaq olsaydı, məktəblilərin etiraz aksiyalarına qatılıb qatılmayacağı ilə bağlı sual verilib, Fransa prezidenti bu suala konkret cavab verə bilməyib.
“Bu suala cavab vermək çox çətindir... Bunlar çox şəxsi məsələlərdir. Sizin dostlarınız etiraz aksiyalarına gedirmi və ya ümumiyyətlə sizi belə reaksiya verməyə nələr vadar edir - bütün bunlar önəmli məsələlərdir", -deyə Fransa lideri bildirib.
Makron əlavə edib ki, insan müəyyən məsələlərlə bağlı hakimiyyətin qərarları ilə razılaşmadığını ifadə edə bilər, lakin bunun üçün mütləq etiraz aksiyalarına qatılması vacib deyil.
Oktyabrın 24-də Fransanın hər yerində həmkarlar ittifaqları və tələbə hərəkatlarının iştirakı ilə kütləvi nümayişlər keçirilib. Oktyabrın 17-də baş verən iğtişaşlardan sonra respublikanın Daxili İşlər Nazirliyi ictimai asayişin qorunmasına cəlb olunan polis və jandarm əməkdaşlarının sayını 10 mindən 70 minə çatdıracağını vəd edib.
Bir çox şəhərdə hakimiyyət orqanları küçə aksiyalarını qadağan edib, həmçinin komendant saatı tətbiq olunub. Nazirliyin məlumatına görə, oktyabrın 24-də keçirilən aksiyalarda 410 min nəfər iştirak edib. CGT həmkarlar ittifaqının hesablamalarına görə isə iştirakçıların sayı 800 min nəfər olub.
