Bakı.Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın bank sektoru üçün “yaşıl” maliyyələşdirmə üzrə yeni çərçivə proqramı üzərində işi başa çatdırır.
Bu barədə AYİB-in baş bankiri və maliyyə institutları ilə iş üzrə regional rəhbəri Mixail Qreçixo Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu çərçivəsində Trend-ə bildirib.
“AYİB Azərbaycanın bank sektoru üçün yeni “yaşıl” maliyyələşdirmə çərçivə proqramı üzərində işi başa çatdırır. Lakin proqram rəsmi elan edilməzdən əvvəl əlavə təfərrüatları açıqlamaq tezdir”, - deyə o bildirib.
M.Qreçixonun sözlərinə görə, proqram kiçik həcmli investisiyalara, eləcə də kiçik və orta müəssisələrin, yaşayış və korporativ sektorların həyata keçirdiyi kredit və ya layihə portfellərinə yönələcək.
O qeyd edib ki, bu təşəbbüs Mərkəzi Bankın məqsədlərinə birbaşa uyğundur və Azərbaycanın bank sektoruna fayda vermək məqsədi daşıyır.
“AYİB tənzimləyici qurumlarla əməkdaşlığı davam etdirəcək və özəl sektorun “yaşıl” iqtisadiyyata keçiddə iştirakını təşviq edəcək”, - deyə M.Qreçixo bildirib.
O əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı ilə bir sıra istiqamətlər üzrə çox yaxşı və fəal əməkdaşlıq mövcuddur.
“İqtisadi siyasət məsələləri üzrə dialoq və dövlət qurumları ilə qarşılıqlı fəaliyyət AYİB-in Azərbaycandakı fəaliyyətinin əsas istiqamətlərindəndir. Bunlarla yanaşı, bank özəl sektor və iqtisadiyyatın müxtəlif sahələri ilə də əməkdaşlıq edir. AYİB maliyyə institutları və tənzimləyici qurumlarla da sıx qarşılıqlı fəaliyyət göstərir.
Bank Azərbaycan Mərkəzi Bankının “yaşıl” gündəliklə bağlı bir sıra təşəbbüslərini dəstəkləyir. Xüsusilə, dayanıqlı maliyyələşdirmə üzrə yol xəritəsinə təkliflər verib və “yaşıl” maliyyələşdirmə taksonomiyasına yenidən baxılması prosesində iştirak edib.
AYİB pul bazarı məsələləri üzrə də Mərkəzi Bankla müntəzəm əlaqə saxlayır. Bu çərçivədə faiz dərəcələrinin iqtisadiyyata ötürülməsinin təmin olunması istiqamətində görülən işlərə dəstək verir. Həmçinin kiçik və orta biznes üçün kredit agentliyinin yaradılması imkanlarının qiymətləndirilməsi, o cümlədən texniki-iqtisadi əsaslandırmanın hazırlanması işinə töhfə vermişik”, - deyə M.Qreçixo qeyd edib.
O vurğulayıb ki, iki qurum arasında əməkdaşlıq həm AYİB-in, həm də Azərbaycan Mərkəzi Bankının prioritetlərinə uyğun bir sıra istiqamətləri əhatə edir. Bunlara “yaşıl” kreditləşmə, kiçik və orta biznesin kreditləşdirilməsi, pul bazarının inkişafı və pul-kredit siyasətinin təkanlarının iqtisadiyyata ötürülməsi daxildir.
“Bank sektoru “yaşıl” enerjiyə keçid üçün zəruri investisiyaların kiçik və orta müəssisələr, ev təsərrüfatları və korporativ sektor da daxil olmaqla iqtisadiyyatın müxtəlif seqmentlərinə yönəldilməsində mühüm rol oynayır. Maliyyə sektoru eyni zamanda bütün sahələrlə qarşılıqlı əlaqədə olur. Onun üstünlüyü də bundadır. Buna görə də maliyyə sektorunu tənzimləyən qurumun rolu həqiqətən son dərəcə vacibdir”, - deyə o bildirib.
M.Qreçixo izah edib ki, tənzimləyici qurumlar sektorun inkişaf istiqamətlərini müəyyənləşdirmək, hədəf göstəricilərini müəyyən etmək, zəruri normativ-hüquqi bazanı yaratmaq və əldə olunan irəliləyişi izləmək üçün məsuliyyət daşıyırlar.
Azərbaycan Mərkəzi Bankına tövsiyələri ilə bağlı suala cavab verən M.Qreçixo bildirib ki, əsas elementlər artıq formalaşdırılıb. Növbəti mərhələdə onların icrasını davam etdirmək lazımdır və AYİB bu prosesə dəstək verə, öz töhfəsini əlavə edə bilər.
“Əsas elementlər artıq mövcuddur: dayanıqlı maliyyələşdirmə üzrə yol xəritəsi və “yaşıl” maliyyələşdirmə taksonomiyası”, - deyə M.Qreçixo bildirib. O əlavə edib ki, AYİB Mərkəzi Bankın həyata keçirdiyi tədbirləri müsbət qiymətləndirir.
