Şahmar Ələkbərovun nəvəsi Eldar Culian Mura mükafat təqdim etmək şərəfinə layiq görülüb: ABŞ-də dünya ulduzları ilə bir arada (VİDEO, FOTO)

Mədəniyyət Xəbər 29 Oktyabr 2026 16:14 (UTC +04:00)
Şahmar Ələkbərovun nəvəsi Eldar Culian Mura mükafat təqdim etmək şərəfinə layiq görülüb: ABŞ-də dünya ulduzları ilə bir arada (VİDEO, FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın xalq artisti, əfsanəvi aktyor və rejissor Şahmar Ələkbərovun nəvəsi, gənc aktyor Eldar İsgəndərov dünya kinematoqrafiyasında özünü inamla təsdiqləyir. O, 2024-cü ildə ABŞ-nin Savannah İncəsənət və Dizayn Kollecini (SCAD) bitirdikdən sonra peşəkar aktyorluq karyerasına başlayıb və artıq kino sənayesinin tanınmış simaları ilə çalışıb.

Bu barədə Trend xəbər verir.

Eldar İsgəndərov diplomat ailəsində böyüyüb, uşaqlıq illərini Niderland və Belçikada keçirib. ABŞ-də təhsil aldıqdan sonra o, əsas yaradıcılıq məqsədi olan kino karyerasını qurmağa başlayıb.

Onun filmoqrafiyasındakı önəmli layihələrdən biri məşhur aktyor və rejissor Cessi Ayzenberqin çəkdiyi "Debut" filmi olub. Layihənin prodüseri "Oskar" mükafatı laureatı Emma Stoun olub.

Filmdə Eldar "Oskar" mükafatçısı, tanınmış amerikalı aktrisa Culian Murun canlandırdığı Mona obrazının köməkçisi rolunu ifa edib.

Filmin dünya premyerası oktyabrın əvvəlində baş tutub. Ekran əsəri Sürix, Varşava, Roma, London, Madrid və Monreal da daxil olmaqla beynəlxalq kino festivallarında nümayiş etdirilib, tamaşaçıların və kino ictimaiyyətinin diqqətini cəlb edib. Aktyor heyətinin oyunu müsbət rəylərlə qarşılanıb, Eldarın ifası isə tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.

Gənc aktyor üçün ən əlamətdar hadisələrdən biri ABŞ-nin Savanna şəhərində keçirilən festivalda iştirakı olub. SCAD-ı bitirməsindən cəmi iki il sonra Eldar festivala fəxri qonaq kimi dəvət edilib və film üzrə tərəfdaşı Culian Mura mükafat təqdim etmək şərəfinə layiq görülüb.

Mükafatlandırma mərasimində Culian Mur gənc həmkarı haqqında xoş sözlər söyləyərək onun istedadını və peşəkarlığını vurğulayıb.

"Eldar kimi istedadlı, yetkin və ağıllı bir insan və aktyorla işləməkdən çox xoşbəxt idim", – deyə Culian Mur bildirib və SCAD-a belə istedadlı məzun yetişdirdiyi üçün təşəkkür edib.

İsgəndərovun karyerasında növbəti mühüm mərhələ onun əsas rollardan birini canlandırdığı ABŞ komediya-dramı "Club Kid" filmi olub.

Film 2026-cı ildə keçirilən 79-cu Kann Kino Festivalının diqqətçəkən sensasiyalarından biri sayılıb. Ekran əsəri "Un Certain Regard" ("Xüsusi baxış") proqramında nümayiş etdirilərək tənqidçilər və distribütorlar arasında böyük maraq doğurub. "Club Kid" həmçinin "Caméra d’Or" və "Queer Palm" mükafatlarına namizəd göstərilib.

Belə nüfuzlu beynəlxalq layihədə iştirak Eldar İsgəndərovun peşəkar inkişafında növbəti mühüm addım olub. Onun işi mətbuatda yüksək qiymətləndirilib, film isə tamaşaçılar tərəfindən müsbət qarşılanıb.

Hazırda Eldar İsgəndərov yeni "Reenactment" filmi üzərində işləməyə hazırlaşır. Layihədə "Oskar" mükafatı laureatı Benisio del Toro, eləcə də məşhur aktrisalar Kemeron Dias və Ana de Armasın iştirakı nəzərdə tutulur. Bu film gənc aktyor üçün yeni yaradıcılıq perspektivləri açır və ona dünya kinosunun tanınmış ustaları ilə əməkdaşlığı davam etdirmək imkanı yaradır.

Eldar İsgəndərov üçün aktyorluq təkcə peşə deyil, həm də ailə tarixinin davamıdır. O, Azərbaycan milli incəsənətində dərin iz qoymuş görkəmli aktyor və rejissor Şahmar Ələkbərovun (1943–1992) nəvəsidir. Ailəsinin yaradıcılıq ənənəsini davam etdirən Eldar beynəlxalq kino sənayesində öz yolunu qurur.

Peşəkar karyerasına nisbətən yaxın vaxtlarda başlasa da, beynəlxalq layihələrdə iştirakı və tanınmış aktyorlarla əməkdaşlığı artıq gənc aktyora diqqəti artırıb. Qarşıda onu yeni çəkilişlər, yeni rollar və dünya səhnəsində özünü daha geniş təqdim etmək imkanları gözləyir.

Eldar İsgəndərovun hekayəsi istedad, keyfiyyətli təhsil və əzmkarlığın azərbaycanlı gənc aktyora beynəlxalq kinematoqrafiyada öz yerini tapmağa necə kömək etdiyinin bariz nümunəsidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti