Ağdam. Trend:
İşğaldan azad edilmiş ərazilərdə hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası və əhatə dairəsinin genişləndirilməsi çərçivəsində su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 avtomat hidroloji stansiya quraşdırılıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov oktyabrın 30-da Ağdam şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında deyib.
V. Kərimov bildirib ki, ərazilərdə meteoroloji vəziyyətin öyrənilməsi məqsədilə 7 avtomat meteoroloji, 4 radioekoloji və 3 aqrometeoroloji stansiya da quraşdırılaraq istifadəyə verilib.
Qeyd edək ki, Ağdam şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.
İclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Şuşa, Laçın, Kəlbəcər rayonlarında və Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələri iştirak edirlər.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsi və yaşıllıqların götürülməsi ilə əlaqədar ekoloji tələblərin icra vəziyyəti müzakirə olunur.
