Bakı. Trend:
Azərbaycanda pulsuz hüquqi yardım sisteminin əhatə dairəsinin genişləndirilməsi, bu xidmətdən yararlanmaq üçün gəlir meyarlarına yenidən baxılması və hüquqi yardım göstərilən iş kateqoriyalarının artırılması vacibdir. Məhkəmələrin iş yükü, vətəndaşların real ödəmə imkanları və vəkil çatışmazlığı bu sahədə yeni mexanizmlərin yaradılmasını zəruri edir.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc komitənin bugünkü iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, təqdim olunan qanun layihəsi ölkənin məhkəmə-hüquq sistemində və vətəndaşların konstitusion hüquqlarının qorunmasında əhəmiyyətli təşəbbüslərdən biridir. Onun sözlərinə görə, Konstitusiyada hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilib və yeni qanun layihəsi bu hüququn reallaşdırılması üçün hüquqi mexanizmlərin formalaşdırılmasını nəzərdə tutur.
Z.Oruc qeyd edib ki, layihənin hazırlanması zamanı ölkədə hüquqi yardıma ehtiyacın miqyası, mövcud vəkil potensialı, məhkəmələrin iş yükü və vətəndaşların xidmətlərin haqqını ödəmək imkanları nəzərə alınmalıdır.
O bildirib ki, layihədə hüquqi dəstək ilkin və peşəkar yardım formalarına ayrılır, bu xidmətlərdən istifadə edə biləcək şəxslərin dairəsi konkretləşdirilir. Eyni zamanda, vəkillərin ildə azı 30 saat ictimai fayda naminə ödənişsiz hüquqi yardım – *pro bono* fəaliyyəti göstərməsi nəzərdə tutulur.
Komitə sədri yeni qanuna ehtiyacın miqyasını göstərən əsas amillərdən birinin məhkəmə statistikası olduğunu vurğulayıb. O, Ali Məhkəmənin 2025-ci il üzrə hesabatına istinad edərək bildirib ki, il ərzində yalnız birinci instansiyada iki fərqli kateqoriya üzrə baxılmış işlərin ümumi sayı 300 min 356-dan çox olub. Bu statistikaya cinayət işləri, inzibati və kommersiya mübahisələri daxil edilməyib.
Deputatın sözlərinə görə, məhkəmələrə müraciət edən şəxslər arasında vəkil xidmətlərinin haqqını ödəmək imkanına malik olmayan vətəndaşların sayını müəyyənləşdirmək üçün mötəbər tədqiqatların aparılmasına ehtiyac var.
O qeyd edib ki, birinci instansiyada baxılmış 300 min 356 işin cəmi 10 faizində belə vəkil haqqını ödəmək imkanı olmayan vətəndaşların iştirakı ehtimal edilsə, bu, 30 mindən artıq iş deməkdir. Bu isə yalnız iki məhkəmə işi kateqoriyası üzrə dövlətin üzərinə düşə biləcək maliyyə yükünün və hüquqi yardıma ehtiyacın əhəmiyyətli olduğunu göstərir.
Z.Oruc Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) 2024-cü il üzrə Azərbaycanla bağlı hesabatına da diqqət çəkib. Bildirib ki, həmin hesabatda dövlət hesabına hüquqi yardımın göstərilməsi üçün 2 milyon 855 min avro vəsait xərcləndiyi qeyd olunur. Lakin bu vəsaitin 99,5 faizi cinayət işlərinə, cəmi 0,5 faizi isə digər məsələlərə yönəldilib.
Deputat vurğulayıb ki, hüquqi yardıma ehtiyac yalnız cinayət işləri ilə məhdudlaşmır. Yaşayış evindən çıxarılmaq təhlükəsi ilə üzləşən, əməkhaqqını ala bilməyən, müavinətlə bağlı dövlət orqanının qərarından şikayət edən şəxslərin də peşəkar hüquqi dəstəyə ehtiyacı var.
O bildirib ki, 2024-cü ildə Azərbaycanda adambaşına düşən dövlət hüquqi yardımı xərci 0,28 avro təşkil edib. Müqayisə üçün Şərq Tərəfdaşlığı ölkələri üzrə orta göstərici 0,86 avro olub.
Komitə sədri hüquqi yardım sisteminin inkişafı üçün vacib məsələlərdən birinin də ölkədə vəkillərin sayının artırılması olduğunu deyib. Onun sözlərinə görə, son illərdə Vəkillər Kollegiyasının fəaliyyəti nəticəsində vəkillərin sayında artım qeydə alınıb. Belə ki, 2020-ci ildə hər 100 min nəfərə 20,4 vəkil düşdüyü halda, 2024-cü ildə bu göstərici 24,6-ya yüksəlib. Hazırda ölkədə ümumilikdə 3 min 3 vəkil fəaliyyət göstərir.
Z.Oruc bildirib ki, Avropada hər 100 min nəfərə orta hesabla 180 vəkil düşdüyü halda, Azərbaycanda bu göstərici 23 vəkil təşkil edir. O qeyd edib ki, ölkələrin hüquq sistemləri və vəkillərin funksiyaları fərqli olsa da, göstəricilər arasındakı fərq kifayət qədər böyükdür.
Deputat vəkillərin ölkə üzrə qeyri-bərabər bölgüsünə də diqqət çəkib. Bildirib ki, hazırda vəkillərin yalnız 538 nəfəri, yəni 18 faizi regionlarda fəaliyyət göstərir.
Komitə sədri CEPEJ-in 2024-cü il məlumatlarına əsasən, Azərbaycanda 631 hakimin fəaliyyət göstərdiyini və hər 100 min nəfərə 6,2 peşəkar hakimin düşdüyünü bildirib. Müqayisə üçün qeyd edib ki, bu göstərici Gürcüstanda 9,9, Ukraynada 12,1, Moldovada isə 13,7-dir.
Z.Oruc ölkədə məhkəmə orqanlarının iş yükünün böyük olduğunu nəzərə alaraq hakim və vəkillərin sayının artırılmasını, eyni zamanda pulsuz hüquqi yardım sisteminin hüquqi əsaslarının möhkəmləndirilməsini vacib hesab etdiyini vurğulayıb.
"Ölkəmizdə məhkəmə orqanlarındakı iş yükünün böyük miqyasda olduğunu nəzərə alaraq, hakim və vəkillərin sayının artması, eyni zamanda pulsuz hüquqi yardımın əsaslarının möhkəmləndirilməsi doğru addımdır", – deputat bildirib.
O, hüquqi yardımın qiymətinin də vətəndaşların bu xidmətlərdən istifadəsinə təsir göstərən amillərdən biri olduğunu qeyd edib. Z.Oruc “ASAN xidmət”in rəsmi internet səhifəsində göstərilən xidmət haqlarına istinad edərək bildirib ki, şifahi hüquqi məsləhətin qiyməti 20 manat, iddia ərizəsinin hazırlanması 70-100 manat, kassasiya şikayətinin tərtibi və vəkilin məhkəmədə iştirakı isə 400 manat təşkil edir. Məhkəmədə tam təmsilçilik xidmətinin qiyməti tərəflər arasında razılaşmadan asılı olaraq dəyişir.
Deputat qanun layihəsinin maliyyələşmə mexanizmlərində də müzakirəyə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, layihənin 12.1-ci maddəsində peşəkar hüquqi yardımın hər iş saatı üçün minimum aylıq əməkhaqqının 0,0275 misli həcmində ödəniş nəzərdə tutulur.
Z.Oruc qeyd edib ki, 2026-cı ildə minimum aylıq əməkhaqqı 400 manat olduğundan, peşəkar hüquqi yardımın bir saatı üçün ödəniş 11 manat təşkil edir. İlkin hüquqi yardımın hər bir xidməti üçün isə minimum aylıq əməkhaqqının 0,015 misli, yəni 6 manat məbləğində ödəniş müəyyənləşdirilir.
Komitə sədri hüquqi yardım sisteminin səmərəli fəaliyyətində kadr təminatının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, 2024-2025-ci tədris ilində bakalavriat səviyyəsində hüquq ixtisası üzrə ayrılmış 1395 qəbul yerinin hamısı tutulub. Həmin tələbələrin təxminən 600 nəfəri Polis Akademiyası, təhlükəsizlik, gömrük və digər ixtisaslaşmış təhsil müəssisələrinin məzunlarıdır.
Deputat bu göstəricilərin hüquqşünas çatışmazlığını ortaya qoyduğunu bildirib.
Z.Oruc beynəlxalq təcrübədə pulsuz hüquqi yardımın vahid modelinin olmadığını da diqqətə çatdırıb. O qeyd edib ki, bu sahədə qanun layihəsinin növbəti oxunuşları zamanı bir sıra məsələlərə yenidən baxılması məqsədəuyğun olardı.
Deputat bununla bağlı üç konkret təklif irəli sürüb.
"Birinci təklifim hüquqi yardım almaq üçün gəlir meyarına yenidən baxılmasıdır", – Z.Oruc bildirib.
Onun ikinci təklifi hüquqi yardımın tətbiq olunduğu iş kateqoriyalarının genişləndirilməsi ilə bağlı olub.
Üçüncü təklif isə hüquqi yardımın idarə edilməsində hesabatlılığın daha dəqiq müəyyənləşdirilməsini nəzərdə tutur.
Komitə sədri çıxışının sonunda dövlətin vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün hüquqi yardım xərclərini öz üzərinə götürməsini müsbət qiymətləndirib.
O vurğulayıb ki, Vətən müharibəsində qalib gəlmiş və ən ali bəşəri hüququ təmin edən dövlət kimi Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri vətəndaşların hüquqlarının onların maddi vəziyyətindən asılı olmayaraq müdafiə olunmasıdır.
"Vətəndaş hüququnun müdafiəsi insanların maddi vəziyyətindən asılı olmayacaqdır", – Z.Oruc fikrini yekunlaşdırıb.
