Komitə sədri yeni Ombudsmanın əsas vəzifəsini açıqladı

Gündəm Xəbər 30 Oktyabr 2026 10:59 (UTC +04:00)
Komitə sədri yeni Ombudsmanın əsas vəzifəsini açıqladı
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra Ombudsman institutunun qarşısında yeni tarixi vəzifələr dayanır. Gələcək Müvəkkil dəyişən qlobal çağırışlara uyğun fəaliyyət göstərməli, vətəndaşların konstitusion hüquq və azadlıqlarının daha etibarlı müdafiəsini təmin etməlidir.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Prezident İlham Əliyev tərəfindən Ombudsman vəzifəsinə üç namizədin Milli Məclisə təqdim edilməsi Azərbaycanın hüquqi dövlət quruculuğunda mühüm institutlardan birinin fəaliyyətində yeni mərhələnin başlanğıcıdır.

Z.Oruc qeyd edib ki, 24 illik tarixə malik Ombudsman təsisatı Ali Qanunla müəyyənləşdirilmiş hüquqi bazaya, güclü institusional təməllərə, peşəkar mərkəzi aparata, regional strukturlara və beynəlxalq əlaqələrə malik müstəqil hüquq müdafiə institutudur. Onun sözlərinə görə, bu qurumun gələcək fəaliyyəti Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyır.

Komitə sədri Ombudsman institutunun yaradılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb. Bildirib ki, 1998-ci il fevralın 22-də imzalanmış Fərmanda və həmin il iyunun 18-də təsdiq edilmiş İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında belə bir institutun yaradılması nəzərdə tutulub.

Onun sözlərinə görə, 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili haqqında" Konstitusiya Qanunu qəbul edilib. 2002-ci il iyulun 2-də Elmira Süleymanova Azərbaycanın ilk Ombudsmanı seçilib, həmin il oktyabrın 28-dən isə təsisat vətəndaşların müraciətlərini qəbul etməyə başlayıb. Beləliklə, Konstitusiyanın insan hüquq və azadlıqlarının qorunmasına dair müddəaları yeni institusional təminat əldə edib.

Z.Oruc vurğulayıb ki, Ombudsman icra hakimiyyətinin tərkib hissəsi deyil və məhkəməni əvəz edən orqan kimi fəaliyyət göstərmir. Onun əsas vəzifəsi dövlət orqanlarının, bələdiyyələrin və qanunla müəyyən edilmiş digər qurumların fəaliyyəti nəticəsində pozulan insan hüquqlarının bərpasına kömək etmək, belə pozuntuların qarşısını almaq və dövlət hakimiyyəti ilə vətəndaş arasında əlavə hüquqi müdafiə mexanizmi yaratmaqdır.

Deputat Ombudsman institutunun mühüm xüsusiyyətlərindən birinin parlamentlə birbaşa əlaqələri olduğunu bildirib. Qeyd edib ki, Müvəkkil Prezidentin təqdim etdiyi üç namizəd arasından Milli Məclis tərəfindən 83 səs çoxluğu ilə yeddi il müddətinə seçilir və eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz.

Komitə sədri son yeddi ili Azərbaycan Ombudsmanının fəaliyyətində tarixi mərhələ kimi qiymətləndirib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış və dövlət suverenliyinin tam bərpası ölkənin hüquqi və ictimai həyatında yeni reallıq yaradıb.

Z.Oruc bildirib ki, uzun illər məcburi köçkünlərin və qaçqınların hüquq və azadlıqlarının müdafiəsi, işğalın yaratdığı sosial və digər humanitar çətinliklər gündəmdə olub. Azərbaycanın qələbəsi və 2023-cü ildə suverenliyin tam bərpası nəticəsində dövlətin konstitusion yurisdiksiyası bütün ərazilərdə bərqərar olub.

"İşğal reallığının aradan qalxması ən ali insan hüququ hadisəsidir", – komitə sədri qeyd edib.

O bildirib ki, bu yeni reallıq Ombudsman institutunun fəaliyyət coğrafiyasını və hüquqi vəzifələrini də genişləndirir. Ərazi bütövlüyünün bərpasından sonra yeni Müvəkkilin qarşısında fərqli tarixi vəzifələr dayanır.

Z.Oruc diqqətə çatdırıb ki, gələcək Ombudsman insan hüquqları sahəsində qlobal çağırışların ciddi şəkildə dəyişdiyi bir dövrdə fəaliyyətə başlayacaq. Müharibələr, geosiyasi qarşıdurmalar, miqrasiya böhranları, informasiya müharibələri, süni intellektin və rəqəmsal texnologiyaların sürətli inkişafı dövlətlər qarşısında yeni hüquqi və mənəvi məsuliyyətlər yaradır.

Onun sözlərinə görə, hazırda insan hüquqlarının pozulması yalnız fiziki zorakılıq, qanunsuz həbs və ya mülkiyyətə müdaxilə ilə məhdudlaşmır. Fərdi məlumatların qanunsuz istifadəsi, süni intellekt vasitəsilə saxta görüntülərin hazırlanması, rəqəmsal ayrı-seçkilik, şəxsi həyata müdaxilə və alqoritmik qərarların doğurduğu hüquqi nəticələr də ciddi təhlükələrə çevrilib.

Komitə sədri Prezident İlham Əliyevin 2026-cı il iyunun 17-də Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına ünvanladığı müraciətə də toxunub. Bildirib ki, dövlət başçısı həmin müraciətində texnoloji tərəqqinin insan amilinə xidmət etməsinin dövlət siyasətinin əsas prinsiplərindən biri olduğunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, Prezidentin müəyyən etdiyi prioritetlər gələcək Müvəkkilin qarşısında da konkret vəzifələr qoyur.

Z.Oruc insan hüquqları məsələsinin beynəlxalq münasibətlərdə siyasi təzyiq vasitəsinə və geosiyasi maraqların örtüyünə çevrilməsi hallarına da diqqət çəkib. O bildirib ki, Azərbaycan həm Zəfərdən əvvəl, həm də sonra insan hüquqları mövzusundan siyasi məqsədlərlə istifadə olunmasının, xaricdə səsləndirilən əsassız ittihamların və selektiv yanaşmaların şahidi olub.

Komitə sədri qeyd edib ki, gələcək Ombudsmanın bu cür yanaşmalara qarşı beynəlxalq məkanda prinsipial mövqe nümayiş etdirmək üçün güclü mandatı var. Bununla yanaşı, obyektiv və əsaslı iradların araşdırılması, aşkar edilən hüquq pozuntularının aradan qaldırılması da vacibdir.

"İnsan hüquqlarının müdafiəsində ən güclü mövqe həqiqətə söykənən və öz daxilində də eyni prinsipləri tətbiq edən dövlətin mövqeyidir", – Z.Oruc bildirib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin müəyyən etdiyi dövlətçilik, suverenlik, insanların rifahı və müasir idarəetmə prioritetləri çərçivəsində gələcək Müvəkkil daha təşəbbüskar, beynəlxalq platformalarda fəal, dövlət orqanlarına münasibətdə isə daha tələbkar olmalıdır.

Deputatın sözlərinə görə, Ombudsman yalnız beynəlxalq təşkilatlara cavab verən tərəf kimi çıxış etməməli, eyni zamanda qlobal insan hüquqları gündəliyinə yeni mövzular təqdim etməli, digər milli insan hüquqları institutları ilə birgə təşəbbüslər irəli sürməlidir.

"Müvəkkil dövlətimizin beynəlxalq nüfuzunu peşəkar hüquqi fəaliyyəti ilə möhkəmləndirən və vətəndaşlarımızın hüquqlarının müdafiəsində prinsipial mövqe tutan mühüm statusdur", – komitə sədri qeyd edib.

Z.Oruc bildirib ki, qarşıdakı yeddi il üçün Ombudsmanın seçilməsi zamanı artıq formalaşmış təsisatın yeni şəraitə uyğun inkişaf etdirilməsi məsuliyyəti də nəzərə alınmalıdır. Onun sözlərinə görə, hazırda əsas vəzifə qalib Azərbaycan vətəndaşlarının konstitusion hüquq və azadlıqlarının daha etibarlı təminatına xidmət etməkdir.

Komitə sədri gələcək Müvəkkildən peşəkarlıq, müstəqillik, obyektivlik və prinsipiallıq gözlənildiyini bildirib. O qeyd edib ki, Ombudsman dövlət orqanları ilə əməkdaşlığı gücləndirməli, eyni zamanda həmin qurumların fəaliyyətindəki nöqsanları göstərməkdən çəkinməməlidir.

"Vətəndaş Ombudsmana müraciət etdikdə hüququnun bərpası üçün real hüquqi müdafiə mexanizmi görməlidir", – Z.Oruc vurğulayıb.

O əlavə edib ki, Ombudsman institutunun gücü vətəndaşın hüququ pozulduğu zaman nə qədər prinsipial mövqe tutması ilə ölçülür.

Deputat qarşıdakı yeddiillik dövrün Müvəkkil institutu üçün yeni yanaşmalar və tələblərlə səciyyələnəcəyini bildirib. Onun sözlərinə görə, yeni Ombudsman həm formalaşmış ənənələrin davamçısı, həm də qalib Azərbaycanın insan hüquqları siyasətində yeni hədəflərə çatmasının təşəbbüskarı olmalıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti