Qlobal neft təklifi 2026-cı ildə günə 4,85 milyon barrelə qədər azalacaq - OIES

Energetika Xəbər 30 Oktyabr 2026 11:09 (UTC +04:00)
Qlobal neft təklifi 2026-cı ildə günə 4,85 milyon barrelə qədər azalacaq - OIES
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ildə dünya üzrə neft təklifinin gündəlik 4,85 milyon barel azalacağı, 2027-ci ildə isə gündəlik 6,9 milyon barel artacağı gözlənilir.

Bu barədə Oksford Enerji Araşdırmaları İnstitutunun (OIES) "OIES Oil Monthly" hesabatında bildirilib.

Hesabata əsasən, 2026-cı il üzrə proqnoz gündəlik 160 min barel artırılıb. Bu, üçüncü rübdə təklifin gözlənilən azalmasının gündəlik 810 min barel azaldılması ilə əlaqədardır.

"Sentyabr ayında Fars körfəzi də daxil olmaqla, Yaxın Şərq regionundan neft tədarükündə yaranan fasilələr gündəlik 7,1 milyon barel həcmində qiymətləndirilir. Bu, avqust ayı ilə müqayisədə gündəlik 2,4 milyon barel azdır. Bu azalmanın 88 faizi Səudiyyə Ərəbistanının payına düşüb.

2026-cı ilin üçüncü rübündə OPEC+ ölkələrinin xam neft hasilatının azalmasına dair proqnoz illik ifadədə gündəlik 610 min barel aşağı salınaraq 4,7 milyon barelə endirilib. Dördüncü rübdə isə azalmanın gündəlik 4 milyon barelədək yavaşlayacağı gözlənilir.

Bununla yanaşı, Yaxın Şərq regionundan ümumi neft təklifinin dördüncü rübdə əvvəlki rüblə müqayisədə gündəlik 1,3 milyon barel artacağı proqnozlaşdırılır. Lakin ilin sonunadək regionda tədarük fasilələrinin gündəlik 6,1 milyon barel təşkil edəcəyi gözlənilir.

2026-cı ilin yekunları üzrə OPEC+ ölkələrinin xam neft hasilatının azalmasına dair proqnoz gündəlik 280 min barel artırılaraq 4,1 milyon barelə çatdırılıb.

OPEC+ üzvü olmayan ölkələrdə xam neft hasilatının artım proqnozu isə əsasən dəyişməz saxlanılaraq gündəlik 640 min barel səviyyəsində müəyyən edilib. Bu qrupda xalis artımın, demək olar ki, hamısı Braziliyanın hesabına təmin olunacaq.

Eyni zamanda, xam neft istisna olmaqla, digər maye karbohidrogenlərin istehsalına dair proqnoz gündəlik 160 min barel azaldılıb. Yaxın Şərq regionunda təbii qazdan əldə edilən maye karbohidrogenlərin (NGL) istehsalı məhdud olaraq qalacaq", - deyə hesabatda bildirilir.

Qeyd olunur ki, 2027-ci ildə dünya üzrə neft təklifinin artım proqnozu gündəlik 250 min barel azaldılaraq 6,9 milyon barelə endirilib.

"Həmin düzəliş OPEC+ üzvü olmayan ölkələrdə xam neft hasilatına dair proqnozun gündəlik 90 min barel, xam neft istisna olmaqla, digər maye karbohidrogenlərin istehsalına dair proqnozun isə gündəlik 180 min barel azaldılması ilə əlaqədardır", - deyə hesabatda izah olunur.

OIES-in qiymətləndirməsinə görə, 2027-ci ildə dünya üzrə maye karbohidrogenlər təklifinin artımının təxminən 82 faizi Yaxın Şərq regionunun payına düşəcək. Bu artımın təxminən yarısı isə Səudiyyə Ərəbistanı və İraqın birgə payına düşəcək.

2027-ci ilin sonunadək Yaxın Şərq regionundan tədarükdə proqnozlaşdırılan fasilələrin təxminən üçdə ikisinin İranın payına düşəcəyi gözlənilir. Bu da İranın neft təklifi perspektivlərini əsas qeyri-müəyyənlik amillərindən birinə çevirir.

"2027-ci ildə OPEC+ üzvü olmayan ölkələr arasında hasilat artımının əsas mənbəyi kimi Braziliyanı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) əvəz edəcək. Bu qrup üzrə ümumi artımın 40 faizindən çoxu BƏƏ-nin payına düşəcək. Bununla yanaşı, ABŞ-də hasilat artımının 2025-ci il səviyyəsindən aşağı olacağı gözlənilir", - deyə institutun hesabatında qeyd olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti