Bakı. Trend:
Yaxın Şərqdən kənar regionlardan neft məhsulları tədarükünün artırılması Yaxın Şərq ölkələrindən tədarükdəki fasilələri yalnız qismən kompensasiya etməyə imkan verəcək. Logistika məhdudiyyətləri və yanacaq ehtiyatlarının aşağı səviyyədə olması bazarda tarazlığın bərpasını çətinləşdirəcək.
Bu barədə "Fitch Solutions" şirkətinin struktur bölməsi olan BMI şirkətinin analitik icmalında bildirilib.
BMI-nin proqnozuna əsasən, neft emalının yüksək göstəriciləri ABŞ, Avropa və Asiyada neft emalı zavodlarının (NEZ) istehsal güclərindən istifadə səviyyəsinin artmasına şərait yaradacaq.
"Belə ki, 3-2-1 "crack spread" göstəricisi üzrə neft emalı marjası 2026-cı il yanvarın 2-də bir barel üçün 17 dollardan oktyabrın 14-də 48,4 dollara yüksəlib. Avqustun sonu - sentyabrın əvvəlində isə bu göstərici bir barel üçün 59 dolları ötüb", - deyə icmalda qeyd olunub.
"Bəzi azalmaya baxmayaraq, neft emalı marjası ilin əvvəlindəki səviyyədən yüksək olaraq qalır. Bu isə dizel yanacağı da daxil olmaqla orta distillatların istehsalını dəstəkləyəcək. Bununla belə, NEZ-lərin texnoloji konfiqurasiyası, xammalın keyfiyyətinə dair tələblər, texniki xidmət qrafikləri və neft məhsullarının keyfiyyətinə dair regional standartlar dizel yanacağının istehsalını qısa müddətdə əhəmiyyətli dərəcədə artırmaq imkanlarını məhdudlaşdırır.
ABŞ-nin Meksika körfəzi sahillərində yerləşən NEZ-lər Amerika neftinin əlçatanlığı və inkişaf etmiş ixrac infrastrukturu sayəsində ixracı artırmaq üçün nisbətən əlverişli şəraitə malikdir. Lakin ABŞ-dən əlavə tədarüklər Yaxın Şərqdən ixrac həcmlərinin azalmasını tam kompensasiya edə bilməyəcək.
Rusiyanın neft məhsulları ixracı da Atlantik hövzəsinin bəzi bazarlarında qıtlığı müəyyən qədər azalda bilər. Bununla belə, tədarükün artırılması imkanları NEZ-lərdə təmir işləri, daxili yanacaq tələbatı, eləcə də dəniz daşımaları, sığorta və ödəniş sahələrindəki sanksiya məhdudiyyətləri ilə məhdudlaşacaq", - deyə BMI-nin hesabatında bildirilir.
BMI Rusiyada neft məhsulları istehsalının 2026-cı ildə gündəlik 4,57 milyon barel təşkil edəcəyini proqnozlaşdırır. Bununla yanaşı, proqnoz 20 faiz aşağı salınıb.
İcmalda həmçinin qeyd olunur ki, dizel yanacağının yüksək qiymətləri qiymət dəyişikliklərinə həssas olan sahələrdə, o cümlədən zəruri olmayan yüklərin daşınması, tikinti və sənaye fəaliyyətinin bəzi növlərində tələbatın artımını məhdudlaşdıracaq.
"Eyni zamanda, yükdaşımalar, kənd təsərrüfatı, dağ-mədən sənayesi, sənaye prosesləri və ehtiyat enerji təchizatı sistemlərində tələbat nisbətən sabit qalacaq.
Orta müddətli perspektivdə Hindistan, Braziliya, İndoneziya və Vyetnamda dizel yanacağı istehlakının artımı yükdaşımaların genişlənməsi, sənayeləşmə və kənd təsərrüfatı istehsalının inkişafı hesabına dəstəklənəcək. Bu isə qiymətlərin əhəmiyyətli dərəcədə azalması imkanlarını məhdudlaşdıracaq", - deyə BMI-nin icmalında bildirilir.
