Bakı.Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Orta Dəhlizlə bağlı dayanıqlı nəqliyyat layihələrinin həyata keçirilməsində maraqlıdır.
Bu barədə AYİB-in Qafqaz üzrə yeni regional rəhbəri Tea Melikadze Trend-ə verdiyi özəl müsahibədə bildirib.
“Biz Orta Dəhlizi Mərkəzi Asiyanı Cənubi Qafqaz vasitəsilə Avropa bazarları ilə birləşdirən getdikcə daha mühüm marşrut kimi qiymətləndiririk. Xəzər dənizində strateji mövqeyi və digər nəqliyyat əlaqələri sayəsində Azərbaycan bu dəhlizdə mərkəzi rol oynayır”, - deyə o qeyd edib.
Melikadzenin sözlərinə görə, növbəti mərhələdə bank nəqliyyat əlaqələrindəki “dar boğazların” aradan qaldırılmasına, səmərəliliyin və dayanıqlılığın artırılmasına, eləcə də dəhlizin ümumi rəqabət qabiliyyətinin gücləndirilməsinə imkan verəcək investisiya layihələrini müəyyənləşdirməyi planlaşdırır.
“Biz Orta Dəhlizlə bağlı dayanıqlı nəqliyyat və digər infrastruktur layihələrində maraqlıyıq. Ayrı-ayrı layihələrin müzakirəsi onların hazırlanma səviyyəsindən və icraya hazırlığından asılı olacaq. Buna görə də hazırkı mərhələdə konkret maliyyələşdirmə öhdəlikləri barədə danışmaq tezdir”, - deyə o qeyd edib.
AYİB-in TRIPP layihəsinin həyata keçirilməsində mümkün rolu
Melikadze bildirib ki, AYİB “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsini Cənubi Qafqazda regional bağlantıların inkişafı üçün yeni istiqamət kimi nəzərdən keçirir.
“Biz Cənubi Qafqazda regional bağlantıları və iqtisadi inteqrasiyanı yaxşılaşdıra biləcək təşəbbüsləri alqışlayırıq. TRIPP bu baxımdan yeni və mühüm elementdir”, - deyə o qeyd edib.
Melikadzenin sözlərinə görə, bank nəqliyyat infrastrukturunun maliyyələşdirilməsi və fəaliyyət göstərdiyi ölkələrdə regional əlaqələrin inkişafına dəstək sahəsində böyük təcrübəyə malikdir.
“Ayrı-ayrı layihələrin gələcək inkişafından asılı olaraq AYİB bir neçə mərhələdə töhfə verə bilər: yaxşı strukturlaşdırılmış layihələrin hazırlanmasına dəstək göstərmək, bankın tələblərinə uyğun olan layihələri maliyyələşdirmək, iqtisadi siyasət məsələləri üzrə dialoqu dəstəkləmək və özəl investisiyaların cəlb edilməsinə kömək etmək”, - deyə o bildirib.
Melikadze hesab edir ki, özəl sektorun iştirakı xüsusilə logistika, eləcə də kommersiya baxımından səmərəli olan digər infrastruktur layihələri və xidmətləri sahələrində faydalı ola bilər.
“AYİB-in konkret rolu ayrı-ayrı layihələrin necə hazırlanacağından və strukturlaşdırılacağından asılı olacaq”, - deyə o əlavə edib.
Azərbaycanın infrastruktur sektorunda iştirakın genişləndirilməsi planları
Melikadze qeyd edib ki, AYİB Azərbaycanın infrastruktur sektorunda iştirakını genişləndirmək üçün əhəmiyyətli potensial görür.
Onun sözlərinə görə, 2026-cı il avqustun 31-nə AYİB-in Azərbaycandakı portfeli təxminən 879 milyon avro təşkil edib və 35 aktiv layihəni əhatə edib.
“Bununla belə, bu göstəriciyə təkcə infrastruktur layihələri deyil, bankın digər fəaliyyət istiqamətləri də daxildir. İnfrastruktur sahəsində maliyyələşdirmənin artırılması imkanları mövcuddur. Lakin bu, əvvəlcədən müəyyən edilmiş investisiya hədəfindən deyil, maliyyələşdirilməyə uyğun, yaxşı hazırlanmış, dayanıqlı və iqtisadi cəhətdən əsaslandırılmış layihələrin mövcudluğundan asılı olacaq. AYİB-in maliyyələşdirmə imkanlarının və ekspert biliklərinin hansı istiqamətlərdə daha böyük səmərə verə biləcəyini, Azərbaycanın uzunmüddətli inkişaf prioritetlərinin həyata keçirilməsinə necə töhfə göstərə biləcəyini qiymətləndiririk.
Dayanıqlı nəqliyyat və logistika, su təchizatı və kanalizasiya, eləcə də daha geniş şəhər infrastrukturu daxil olmaqla, bir neçə sahədə imkanlar görürük. Bundan əlavə, ölkənin yaşıl iqtisadiyyata keçidi və regional bağlantıların gücləndirilməsi perspektivli istiqamətlər olaraq qalır. Müvafiq şəraitin olduğu hallarda infrastruktur sektoruna daha çox özəl kapitalın cəlb edilməsində də maraqlıyıq”, - deyə o izah edib.
Regional rəhbər qeyd edib ki, AYİB-in geniş maliyyə alətləri çeşidi banka bu vəzifələrin həyata keçirilməsində əhəmiyyətli çeviklik təmin edir.
“Biz suveren və sub-suveren maliyyələşdirmə təqdim edə, həmçinin layihənin xüsusiyyətlərindən və müştərinin ehtiyaclarından asılı olaraq borc maliyyələşdirməsi, kapitalda iştirak və zəmanətlər kimi alətlərdən istifadə etməklə özəl sektor şirkətlərini birbaşa maliyyələşdirə bilərik. Bu dəstək qarışıq maliyyələşdirmə, texniki yardım və iqtisadi siyasət məsələləri üzrə dialoqla tamamlana bilər. Məqsədimiz uzunmüddətli nəticələrə nail olmaq üçün zəruri investisiyaları və ekspert biliklərini bir araya gətirməkdir”, - deyə Melikadze əlavə edib.
Yeni infrastruktur layihələrinin həyata keçirilməsi və investisiyaların cəlb edilməsi imkanları
Melikadze bildirib ki, bank Azərbaycanda yeni infrastruktur layihələrinin həyata keçirilməsi üçün üç əsas istiqamət üzrə perspektivlər görür.
Onun sözlərinə görə, birinci istiqamət regional bağlantıların və dayanıqlı nəqliyyatın inkişafıdır.
“Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında yerləşməsi nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsində mühüm rol oynayır. Bu həm ölkənin özünə, həm də bütövlükdə regiona fayda gətirir”, - deyə o qeyd edib.
Melikadze ikinci istiqamət kimi su təsərrüfatı və bələdiyyə infrastrukturunu göstərib.
“Su təhlükəsizliyi, su ehtiyatlarından səmərəli istifadə, çirkab suların təmizlənməsi və şəhər infrastrukturunun dayanıqlılığının artırılması məsələləri getdikcə daha böyük əhəmiyyət kəsb edir”, - deyə o qeyd edib.
Regional rəhbər üçüncü istiqamətin infrastruktur sektoruna özəl kapitalın cəlb edilməsi olduğunu bildirib.
“AYİB dövlət qurumlarına maliyyələşdirilməyə uyğun layihələrin hazırlanmasında, müvafiq dövlət-özəl tərəfdaşlığı modellərinin işlənib hazırlanmasında, institusional potensialın gücləndirilməsində, eləcə də kommersiya kapitalının cəlb edilməsi üçün maliyyələşdirmə və risklərin azaldılması alətlərindən istifadə olunmasında dəstək göstərə bilər.
Bununla yanaşı, dövlət-özəl tərəfdaşlığı hər layihə üçün uyğun deyil. Belə mexanizmlər yalnız ənənəvi dövlət satınalmaları ilə müqayisədə vəsaitlərdən daha səmərəli istifadəyə imkan verdiyi hallarda tətbiq edilməlidir”, - deyə Melikadze qeyd edib.
Qafqazda regional bağlantıların gücləndirilməsi prioritetləri
Melikadze vurğulayıb ki, onun vəzifəsi bankın regiondakı fəaliyyətini davam etdirmək və investisiyalarının səmərəliliyini artırmaqdır.
“İnfrastruktur iqtisadi inkişafın dəstəklənməsində, regional bağlantıların gücləndirilməsində, eləcə də həyati əhəmiyyətli xidmətlərin keyfiyyətinin və dayanıqlılığının artırılmasında mühüm rol oynayır”, – deyə o qeyd edib.
Melikadzenin sözlərinə görə, bankın fəaliyyəti 2025–2029-cu illər üzrə İnfrastruktur Sektorunun İnkişafı Strategiyasına uyğun həyata keçirilir. Strategiya üç əsas prioriteti nəzərdə tutur: nəqliyyat və regional bağlantıların yaxşılaşdırılması, iqlim dəyişikliyi ilə mübarizə və təbiətin mühafizəsi tədbirlərinin gücləndirilməsi, eləcə də infrastrukturun dayanıqlılığının artırılması.
“Qafqazda bu, biznesin və əhalinin ehtiyaclarına cavab verən keyfiyyətli və inklüziv infrastrukturun dəstəklənməsi, həmçinin müştərilərimizə korporativ idarəetməni təkmilləşdirməkdə və göstərilən xidmətlərin keyfiyyətini artırmaqda kömək etmək deməkdir. Beləliklə, mənim yanaşmam fəaliyyət istiqamətinin köklü şəkildə dəyişdirilməsini deyil, mövcud xəttin daha iddialı vəzifələrlə davam etdirilməsini nəzərdə tutur. Müştərilərlə əməkdaşlığı dərinləşdirmək və investisiya prioritetlərinin maliyyələşdirilməyə uyğun, hərtərəfli hazırlanmış layihələrə çevrilməsinə kömək etmək niyyətindəyəm. Bunun üçün praktiki nəticələr əldə etməyə imkan verən hallarda maliyyə dəstəyini texniki yardım və siyasət məsələləri üzrə dialoqla birləşdirəcəyik”, – deyə o əlavə edib.
İnfrastruktur üzrə regional rəhbər qeyd edib ki, AYİB-in Azərbaycanla əməkdaşlığı üçün artıq nisbətən yeni strateji çərçivə formalaşdırılıb.
“AYİB-in Azərbaycan üzrə 2025–2030-cu illər üçün Strategiyası bankın Direktorlar Şurası tərəfindən 2025-ci ilin yanvarında təsdiqlənib və investisiyalarımızın, eləcə də dövlət qurumları ilə iqtisadi siyasət məsələləri üzrə qarşılıqlı fəaliyyətimizin istiqamətlərini müəyyən edir. Strategiya iki əsas prioriteti nəzərdə tutur: daha güclü, rəqabətə davamlı və inklüziv özəl sektorun inkişafı, eləcə də idarəetmə sisteminin təkmilləşdirilməsi yolu ilə iqtisadiyyatın şaxələndirilməsinə dəstək göstərilməsi; Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin sürətləndirilməsi və eyni zamanda regional bağlantıların yaxşılaşdırılması.
İnfrastruktur sektorunda bu, bələdiyyə infrastrukturunun, dayanıqlı nəqliyyat şəbəkələrinin və rəqəmsal bağlantıların dəstəklənməsi, xüsusilə də Orta Dəhlizlə bağlı layihələrə diqqət yetirilməsi üçün imkanlar yaradır. Hazırda vəzifəmiz bu prioritetləri konkret investisiya layihələrinə və islahatlara çevirməkdir”, – deyə Melikadze vurğulayıb.
Bakının içməli su ilə kompleks təminatı layihəsinin texniki-iqtisadi əsaslandırılması
Melikadze bildirib ki, Bakının içməli su ilə kompleks təminatı layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanması davam edir.
“TİƏ prioritet investisiyaların müəyyənləşdirilməsi üçün zəruri olan texniki, iqtisadi, ekoloji və sosial təhlillərin aparılmasına imkan verəcək”, – deyə o qeyd edib.
Melikadzenin sözlərinə görə, Bakı və ətraf ərazilərin su infrastrukturunun inkişafı təşəbbüsü AYİB-in Azərbaycanla əməkdaşlığının mühüm tərkib hissəsidir.
“Bu təşəbbüs xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş dayanıqlı, iqlim dəyişikliklərinə uyğunlaşdırılmış və maliyyə baxımından əsaslandırılmış investisiya həllərinin müəyyənləşdirilməsi məqsədilə Bakı və Abşeron yarımadasının su infrastrukturu problemlərinin kompleks şəkildə həllini nəzərdə tutur. Texniki-iqtisadi əsaslandırmanın nəticələri prioritet investisiya layihələrinin əhatə dairəsini və həyata keçirilmə ardıcıllığını müəyyənləşdirməyə, həmçinin layihə üzrə növbəti addımları planlaşdırmağa kömək edəcək”, – deyə o bildirib.
