Azərbaycan nefti ucuzlaşıb

Energetika Xəbər 30 Oktyabr 2026 09:33 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 3,14 ABŞ dolları və ya 2,5% ucuzlaşaraq 122,28 ABŞ dollarına enib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,74 dollar və ya 2,38% ucuzlaşaraq 112,38 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,86 dollar və ya 4,19% azalaraq 88,35 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,79 dollar və ya 4,8% azalaraq 114,82 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

"Trading Economics"in məlumatına görə, cümə günü dünya bazarında xam neftin qiyməti bir barel üçün 103 dolları ötərək son altı həftənin ən yüksək səviyyəsinə çatıb.

"Buna ABŞ-nin İranı yenidən hərbi zərbələrə məruz qoya biləcəyi ilə bağlı narahatlıqlar səbəb olub. Belə ki, yüksək rütbəli hərbi komandirin ABŞ Prezidenti Donald Trampa mümkün hərbi əməliyyat variantları barədə məruzə etdiyi bildirilir.

Tramp dəfələrlə xəbərdarlıq edib ki, gələn həftə keçiriləcək aralıq seçkilərdən sonra Tehrana hava zərbələri yenidən başlana bilər. Bununla yanaşı, İran rəsmiləri ABŞ-ın vitse-prezidenti Cey Di Vensin sülh danışıqlarının bərpasına yönəlmiş məktub göndərdiyini təsdiqləyiblər.

ABŞ-nin əsas neft markası olan “WTI”nin qiyməti ABŞ-İran münaqişəsinin davam etməsi fonunda oktyabr ayında 10%-dən çox artıb. Eyni zamanda, Səudiyyə Ərəbistanı ilə İranın dəstəklədiyi husilər arasında toqquşmaların intensivliyi də yüksəlib.

Hörmüz boğazında gəmiçilik üçün təhlükələr də yüksək olaraq qalır və neft tankerləri hücumlara məruz qalmaqda davam edir. Bununla belə, regiondan xam neft ixracı müharibədən əvvəlki səviyyələrə yaxınlaşıb. İstehsalçılar strateji əhəmiyyətli bu su yolu vasitəsilə neft yüklərini məhdud məlumatlandırma şəraitində daşımağa davam edirlər", - məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti