Bakı. Trend:
Yeni Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üzrə layihələndirmə işlərinə başlanılıb, xətt boyunca stansiyaların yerləri müəyyən edilib.
Trend-in mediaturda iştirak edən müxbirinin xəbərinə görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Yeni Suraxanı–Hövsan xətti üzrə görülən işlərlə bağlı Hövsan qəsəbəsinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektlərinin söküntüsü başa çatıb.
Qeyd olunub ki, Yeni Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulur.
