ABŞ Ukraynanı Rusiyanın neft zavodlarına hücumları dayandırmağa razı salıb

Dünya xəbərləri Xəbər 30 Oktyabr 2026 10:34 (UTC +04:00)
ABŞ Ukraynanı Rusiyanın neft zavodlarına hücumları dayandırmağa razı salıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ukrayna hərbçiləri ABŞ Prezidenti Donald Trampın bir neçə həftə davam edən təzyiqlərindən sonra Rusiyanın neft emalı zavodlarına (NEZ) hücumları müvəqqəti dayandırıblar. Qeyri-rəsmi fasilə ABŞ-də aralıq seçkilər başa çatanadək, hətta noyabrın sonunadək davam edə bilər.

Bu barədə "The Wall Street Journal" (WSJ) hərbi əməliyyatlarla tanış olan mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Rusiyanın NEZ-lərinə qarşı kampaniyanın faktiki dayandırılması ilə bağlı qərar ötən həftə Kiyevlə Vaşinqton arasında münasibətlərin gərginləşməsi fonunda qüvvəyə minib. Bundan bir neçə gün əvvəl Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin vəzifəsindən kənarlaşdırılmasına çağırıb, İlon Maskın SpaceX şirkəti isə Ukraynanın "Starlink" peyk internetindən istifadəsini məhdudlaşdırıb.

Vəziyyətlə tanış olan iki ukraynalı hərbi rəsmi WSJ-yə bildirib ki, oktyabrın ortalarında uzaqmənzilli zərbələrə cavabdeh bölmələrə Rusiyanın NEZ-lərinə qarşı kampaniyanın faktiki olaraq dayandırıldığı barədə məlumat verilib. Onlara artıq icra mərhələsində olan əməliyyatları başa çatdırmaq tapşırılıb.

Mənbələrin məlumatına görə, Ukraynanın müdafiə naziri Yevgeni Xmara Volodimir Zelenskiyə hərbçilərin mürəkkəb diplomatik vəziyyətlə əlaqədar neft emalı zavodlarına zərbələr endirməkdən müvəqqəti çəkinmək qərarına gəldiyini bildirib.

Prezident bu yanaşmanı dəstəkləyib, lakin hərbçilərin zəruri hesab etdikləri təqdirdə həmin obyektlərə yenidən zərbələr endirə biləcəklərini vurğulayıb.

Zelenskinin özü isə Ukrayna bölmələrinə Rusiyanın NEZ-lərinə zərbələr endirməmək barədə əmr verildiyini təkzib edib.

"Bu günlərdə hərbçilərimiz bir qədər ehtiyatlı davranmağa çalışıblar. Lakin onların neft emalı zavodlarına zərbələr endirməmək barədə əmri yoxdur", – deyə prezident çərşənbə axşamı Kiyevdə jurnalistlərə bildirib.

WSJ yazır ki, son həftələrdə Tramp Ukrayna prezidentinə təzyiqləri artıraraq Rusiyanın neft emalı zavodlarına hücumların dayandırılmasını tələb edib. ABŞ lideri dünya bazarında yanacağın qiymətlərinin artmasına görə Ukraynanı günahlandırıb. Halbuki enerji bazarı üzrə ekspertlər bu artımı əsasən ABŞ ilə İran arasında müharibə ilə əlaqələndiriblər.

Rusiyanın enerji infrastrukturuna zərbələr məsələsini ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner də gündəmə gətirib. O, oktyabrın 20-də Osloda Zelenski ilə görüşü zamanı Trampın belə hücumların dayandırılması ilə bağlı tələbini təkrarlayıb. İki amerikalı rəsminin sözlərinə görə, söhbət olduqca gərgin keçib.

Nəşrin yazdığına görə, xəstəliyi səbəbindən görüşə distant şəkildə qoşulan Kuşner Ukrayna prezidentinə zərbələri dayandırmalı olduğunu bildirib. O qeyd edib ki, özü və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskva ilə danışıqlarda vasitəçilik etmək üçün çox vaxt, səy və təyyarələrin yanacağı sərf edirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti