Bakı.Trend:
2026-cı ildə dünya üzrə neftə tələbatın gündəlik 1 milyon barel azalacağı, 2027-ci ildə isə gündəlik 2,6 milyon barel artacağı gözlənilir.
Bu barədə Oksford Enerji Araşdırmaları İnstitutunun (OIES) hesabatında bildirilib.
Hesabata əsasən, dövlət siyasəti ilə bağlı qeyri-müəyyənlik, neft məhsullarının məhdud təklifi və yüksək qiymətlər 2026-cı ildə dünya üzrə neftə tələbatın artım proqnozunun gündəlik 150 min barel azaldılmasına səbəb olub.
Qeyd olunur ki, 2026-cı ilin ikinci yarısında tələbatın dinamikası daha zəif olacaq. Bununla belə, analitiklərin proqnozlarına görə, dördüncü rübdə tələbat illik ifadədə yenidən artıma keçərək gündəlik 890 min barel yüksələcək.
"2026-cı il üzrə proqnoza yenidən baxılmanın təxminən 70 faizi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrin payına düşür. ABŞ və Avropanın ümumi payı proqnozun gündəlik 110 min barel azaldılmasını təşkil edir.
Əksinə, 2027-ci il üçün tələbatın artım proqnozu gündəlik 120 min barel artırılıb. Bu düzəliş, demək olar ki, tamamilə 2026-cı il üzrə müqayisə bazasının aşağı salınması ilə bağlıdır. Nəticədə, 2027-ci ildə tələbat 2025-ci ilin səviyyəsindən gündəlik 1,6 milyon barel yüksək olacaq. Tələbatın xalis artımının demək olar ki, hamısı OECD-yə üzv olmayan ölkələrin hesabına təmin ediləcək, OECD ölkələrində isə ümumi tələbat dəyişməz qalacaq", - deyə institutun hesabatında bildirilir.
OIES 2026-cı ildə dünya üzrə neft qıtlığına dair proqnozuna da yenidən baxıb. Göstərici gündəlik 310 min barel azaldılaraq 3,5 milyon barelə endirilib. Bununla yanaşı, 2027-ci ildə təklif profisitinə dair proqnoz əsasən dəyişməz saxlanılaraq gündəlik təxminən 900 min barel səviyyəsində müəyyən edilib.
"2026-cı ildə gözlənilən neft qıtlığının azaldılmasının təxminən 60 faizi, əsasən, üçüncü rübdə Yaxın Şərq regionundan tədarükün bərpası hesabına təklifin artması ilə bağlıdır. Düzəlişin qalan hissəsi isə tələbatın daha zəif olması ilə əlaqədardır.
2026-cı ilin üçüncü rübündə gündəlik 2,5 milyon barel təşkil edəcəyi proqnozlaşdırılan neft qıtlığının dördüncü rübdə gündəlik 4,5 milyon barelədək artacağı gözlənilir. 2027-ci ilin birinci rübündə isə qıtlığın gündəlik 1,5 milyon barel səviyyəsində qalacağı proqnozlaşdırılır.
2027-ci ildə təklif profisitinin, demək olar ki, tamamilə ilin ikinci yarısında cəmləşəcəyi gözlənilir. Bu isə həmin dövrədək dünya üzrə ehtiyatların xalis artırılması imkanlarını məhdudlaşdırır. 2027-ci ildə ehtiyatların gözlənilən xalis artımı 2026-cı ildə proqnozlaşdırılan azalmanın yalnız təxminən 25 faizini kompensasiya edəcək", - deyə institutun hesabatında qeyd olunur.
Bundan əlavə, OIES hər iki il üzrə “Brent” markalı neftin orta qiymət proqnozunu bir barel üçün təxminən 6 dollar artırıb. Beləliklə, institut 2026-cı ildə orta qiymətin bir barel üçün 99 dollar, 2027-ci ildə isə 87 dollar olacağını gözləyir.
