Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb - Baş nazir

İqtisadiyyat Xəbər 30 Oktyabr 2026 10:43 (UTC +04:00)
Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb - Baş nazir
Aysel Məmmədli
Aysel Məmmədli
Redaktor Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir - 4 milyard ABŞ dollarına yaxın sərmayə yatırılıb.

Bu sözləri Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasında çıxışı zamanı bildirib.

Baş nazirin sözlərinə görə, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığı müsbət dinamika ilə inkişaf edir və ardıcıl şəkildə genişlənir.

"Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Cari ilin 9 ayı ərzində ticarət dövriyyəmiz 42% artaraq ötən ilin ümumi göstəricisini üstələmiş və 1 mlrd $-a yaxınlaşmışdır (Azərbaycan statistikası - 888 mln $; Gürcüstan statistikası - 1.1 mlrd. $). İnvestisiya sahəsində əməkdaşlığımız yaxşı dinamika nümayiş etdirir.

Birgə həyata keçirdiyimiz meqa enerji layihələri (BTC, Cənub Qaz Dəhlizi) bu gün regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, enerji təchizatı marşrutlarının şaxələndirilməsində mühüm rol oynayır. Bu gün Azərbaycan qazı artıq 16 ölkəyə ixrac olunur. Elektroenergetika sahəsində əməkdaşlığımız uğurla inkişaf edir", - deyə o bildirib.

Əli Əsədov xatırladıb ki, iyul ayında Gürcüstanın enerji sistemində baş vermiş ciddi qəzadan sonra Gürcüstan tərəfinin müraciəti əsasında Azərbaycan operativ dəstək göstərib.

"Belə ki, elektrik enerjisi sistemləri arasında güc mübadiləsi əhəmiyyətli dərəcədə artırılmış və hazırda da bu səviyyədə davam etdirilir. Yaşıl energetika sahəsində əməkdaşlığımızın uğurlu nəticəsi olaraq bu gün ölkələrimiz Avropaya yaşıl enerji dəhlizini salmağa başlayıblar. Bu layihə də Avropanın enerji təhlükəsizliyi üçün mühüm faktor rolunu oynayacaq", - o qeyd edib.

Baş nazirin sözlərinə görə, iki ölkə arasında nəqliyyat-tranzit sahəsi əməkdaşlığın ən vacib istiqamətlərindən biridir.

"Ölkələrimiz Orta Dəhlizin inkişafı naminə birgə səylərini davam etdirirlər. Orta Dəhlizin vacib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun tam potensialı ilə istismara verilməsi və yükaşırma qabiliyyətinin 5 milyon tonadək artırılması uğurlu işbirliyimizin bariz nümunəsidir", - Əli Əsədov əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti