Azərbaycanda 1 qoruq, 3 yasaqlıq bərpa edilir

Cəmiyyət Xəbər 30 Oktyabr 2026 13:03 (UTC +04:00)
Azərbaycanda 1 qoruq, 3 yasaqlıq bərpa edilir
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

İşğaldan azad edilmiş ərazilərdə Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa edilib. Qaragöl Dövlət Təbiət Qoruğunun, eləcə də Qubadlı, Arazboyu və Laçın dövlət təbiət yasaqlıqlarının fəaliyyətinin bərpası istiqamətində isə işlər davam etdirilir.

Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ağdam şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında deyib.

V. Kərimov bildirib ki, işğaldan azad edilmiş ərazilərin zəngin ekosisteminin və təbii irsinin beynəlxalq miqyasda təbliği, biomüxtəlifliyin bərpası və qorunması, təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi, sosial-iqtisadi imkanların artırılması, eləcə də regionda ekoturizmin inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 oktyabr tarixli Sərəncamı ilə Qarabağ Milli Parkı yaradılıb.

Ümumi sahəsi 88 min 418 hektar olan milli parkın 44 min 773,79 hektarı Ağdərə, 24 min 597,80 hektarı Xocalı, 13 min 514,98 hektarı Kəlbəcər, 5 min 314,34 hektarı Şuşa, 217,09 hektarı isə Laçın rayonunun ərazisini əhatə edir.

Nazir müavini, həmçinin əlavə edib ki, Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində yeni milli parkın yaradılması ilə bağlı tədqiqat işlərinə və ərazinin xəritə-sxem layihəsinin hazırlanmasına başlanılıb.

Qeyd edək ki, Ağdam şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.

İclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Şuşa, Laçın, Kəlbəcər rayonlarında və Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələri iştirak edirlər.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsi və yaşıllıqların götürülməsi ilə əlaqədar ekoloji tələblərin icra vəziyyəti müzakirə olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti