ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq

Dünya xəbərləri Xəbər 30 Oktyabr 2026 23:28 (UTC +04:00)
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq

Bakı. Trend:

ABŞ hökuməti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksləri üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollar məbləğində satışına icazə verib.

Bu barədə ABŞ Dövlət Departamenti və Pentaqonun xarici ölkələrə hərbi texnika satışını tənzimləyən müvafiq qurumu məlumat yayıb.

Rəsmi açıqlamaya əsasən, sözügedən alışın bütün xərcləri ABŞ-ın tərəfdaş və müttəfiq dövlətləri tərəfindən qarşılanacaq. Tədarük paketinə raketlər üçün məxfi və məxfi olmayan ehtiyat hissələri, həmçinin logistika təminatı və proqram təminatı ilə bağlı komponentlər daxildir.

Vaşinqtonun qənaətinə görə, bu razılaşma Avropanın siyasi və iqtisadi sabitliyində mühüm əhəmiyyət daşıyan tərəfdaş ölkənin təhlükəsizliyini möhkəmləndirməklə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik prioritetlərinə uyğun gəlir.

ABŞ administrasiyasının bildirdiyinə görə, Ukrayna raketlərin satın alınmasını Kanada, Almaniya və Norveçin ayırdığı maliyyə vəsaitləri, eləcə də Avropa İttifaqının krediti hesabına həyata keçirəcək. Sənəddə xüsusi olaraq vurğulanıb ki, bu əməliyyatın maliyyələşdirilməsi üçün ABŞ-ın dövlət vəsaitlərindən istifadə olunmayacaq.

Qeyd edilib ki, nəzərdə tutulan satış Ukraynanın vahid hava və raket hücumundan müdafiə sisteminin imkanlarını artıracaq, eyni zamanda ölkənin hazırkı və gələcək təhlükələrə qarşı müdafiə potensialını gücləndirəcək.

Raketlərin istehsalı və çatdırılması Pentaqonun əsas podratçılarından biri olan "Lockheed Martin" şirkəti tərəfindən həyata keçiriləcək.

Bəyanatda, həmçinin razılaşmanın icrası məqsədilə Ukraynaya ABŞ hökumətinin və ya podratçı şirkətin əlavə personalının göndərilməsinə ehtiyac olmadığı bildirilib. Sövdələşmənin ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığı səviyyəsinə də mənfi təsir göstərməyəcəyi vurğulanıb.

ABŞ administrasiyası qərarla bağlı Konqresi artıq məlumatlandırıb. Qanunverici orqana razılaşmanı nəzərdən keçirmək və onun qarşısını almaq üçün 30 gün vaxt verilib.

Xəbər lenti

Xəbər lenti