Bakı. Trend:
Bakı metrosunda 2026-cı ilin sentyabr ayında sərnişin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz azalıb.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən Trend-in sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, gündəlik göstəricilərin müqayisəsi avqustun 15-dən sonra sərnişin axınında nəzərəçarpan dəyişiklik baş verdiyini göstərir.
“Avqustun ilk 14 günündə sərnişindaşıma əvvəlki ilin eyni dövrü ilə müqayisədə, demək olar ki, dəyişməyib və 0,6 faizədək artıb. Avqust ayının ikinci yarısında sərnişin sayı əvvəlki ilin uyğun dövründən təxminən 28 faiz aşağı olub. Sentyabr ayı üzrə də təxminən 30 faizlik azalma müşahidə edilib”, – məlumatda bildirilib.
QSC-dən vurğulanıb ki, bu dəyişikliklər xətlərin ayrılması layihəsinin həyata keçirilməsi ilə əlaqədar gözlənilən və prosesin xüsusiyyətlərindən irəli gələn təbii haldır.
Qeyd edək ki, Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi çərçivəsində aparılan tunel işləri ilə əlaqədar avqustun 15-dən “Nizami” və “28 May” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb. Tikinti mərhələsinin təxminən 10–11 ay davam edəcəyi gözlənilir.
Layihə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” əsasında həyata keçirilir.
Xətlərin ayrılması nəticəsində onların arasındakı mövcud asılılığın aradan qaldırılması, stansiyalarda sərnişin sıxlığının azaldılması, qatarlararası intervalın minimuma endirilməsi və metroda hərəkətin daha dayanıqlı təşkili nəzərdə tutulur.
İşlər başa çatdıqdan sonra “İçərişəhər” istiqamətində hərəkət edən sərnişinlər “28 May”, “Dərnəgül” istiqamətinə gedən sərnişinlər isə “Cəfər Cabbarlı” stansiyasının platformasından istifadə edəcəklər.
