Bakı.Trend:
İki milyon bareldən çox neft daşıyan supertanker cümə günü Hörmüz boğazından icazəsiz marşrutla keçərkən dəniz minasına düşüb və gəmidə yanğın başlayıb.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
“Bu, bu gün icazəsiz marşrutla hərəkət etdiyi üçün partlayan və yanmağa başlayan üçüncü tankerdir. İki milyon bareldən çox neft daşıyan bu supertanker Hörmüz boğazının girişində tərk edilib və yanmaqda davam edir”, – deyə bəyanatda bildirilib.
Bundan əvvəl SEPAH icazəsiz marşrutla keçməyə cəhd edən və Hörmüz boğazının cənub sularında dayanmaq məcburiyyətində qalan iki tankerdə baş verən insidentlər barədə məlumat vermişdi.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
