Tramp Belarusda kritik resursların tədarükü ilə bağlı Litvaya təzyiqləri artırır - KİV

Dünya xəbərləri Xəbər 30 Oktyabr 2026 15:42 (UTC +04:00)
Tramp Belarusda kritik resursların tədarükü ilə bağlı Litvaya təzyiqləri artırır - KİV
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropa İttifaqının sanksiyalarından yan keçməklə Belarus kaliumunun ixracı üçün Litvadan Klaypeda limanını açmağı tələb edir.

Bu barədə "Politico" məlumatlı mənbələrə istinadən xəbər verir.

Mənbələrin sözlərinə görə, son həftələrdə ABŞ-nin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul Litva diplomatları ilə görüşlərində bu məsələni qaldırıb.

“Onlar (amerikalılar – red.) nəzakətlə təzyiq göstərirlər, lakin biz çox qəti şəkildə bildiririk: "Qətiyyən yox". Əgər amerikalılar tarixdən dərs çıxarmağı bacarmırlarsa, biz öz mövqeyimizdə qətiyyətlə dayanmalıyıq”, – deyə nəşrin həmsöhbətlərindən biri bildirib.

Digər mənbə əlavə edib ki, Trampın xüsusi nümayəndəsi Belarus kaliumunun Baltik dənizindəki digər limanlar, o cümlədən Riqa limanı vasitəsilə ixracı imkanları ilə də maraqlanıb.

ABŞ Dövlət Departamenti “konkret sövdələşmələr” barədə şərh verməkdən imtina etsə də, “ABŞ-nin ölkənin iqtisadi maraqlarına xidmət edən kommersiya imkanları axtardığını” bəyan edib.

“Prezident Trampın qeyd etdiyi kimi, Belarus kaliumunun ABŞ-yə satılması amerikalı fermerlər və heyvandarlıqla məşğul olanlar üçün qiymətlərin aşağı düşməsinə kömək edir”, – deyə qurumun nümayəndəsi bildirib.

Qeyd edək ki, Aİ-nin mövcud sanksiyaları Belarus mallarının Avropa limanlarına yüklənməsini qadağan edir, lakin bu məhdudiyyətlərin müddəti hər il uzadılmalıdır.

"Politico"nun qeyd etdiyi kimi, 2027-ci ilin əvvəlində Aİ Şurasına sədrlik Litvaya keçəcək və nəzəri olaraq ölkə məhdudiyyətlərin uzadılmasına veto qoya bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti