Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsinə Səbinə Əliyeva, Ceyhun Qaracayev və Elşanə Vəliyevanın namizədlikləri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu məsələ oktyabrın 30-da Milli Məclisin İnsan hüquqları komitəsinin keçirilən növbəti iclasında müzakirə olunub.
İclası açan komitə sədri Zahid Oruc gündəliyə ombudsmanın seçilməsi məsələsinin daxil edildiyini bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə ombudsman vəzifəsinə üç namizəd təqdim olunub. Namizədlər hazırkı Ombudsman, hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır.
Bildirilib ki, namizədlərin hər üçü ali hüquq təhsillidir və müvafiq sahədə peşəkar təcrübəyə malikdir.
Zahid Oruc çıxışında Azərbaycanda Ombudsman təsisatının formalaşması və inkişaf tarixindən danışıb. O, təsisatın fəaliyyət göstərdiyi dövrdə insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqlarının təmin olunması, dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlərin təkmilləşdirilməsi istiqamətində gördüyü işlərə, eləcə də beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nailiyyətlərə toxunub.
Daha sonra komitə sədrinin müavini Arzuxan Əli-zadə, komitə üzvləri Mübariz Qurbanlı, Razi Nurullayev, Vüqar Rəhimzadə, Elman Nəsirov, Hikmət Məmmədov, Sevil Mikayılova, Səyyad Aran, Naqif Həmzəyev və Azər Allahverənov müzakirə olunan məsələ ilə bağlı fikirlərini bölüşüb, ombudsman vəzifəsinə təqdim edilmiş namizədlərə münasibətlərini bildiriblər.
Çıxışlarda Ombudsman təsisatının insan hüquq və azadlıqlarının müdafiəsi sistemindəki əhəmiyyəti vurğulanıb, namizədlərin peşəkar hazırlığı və hüquq sahəsindəki təcrübəsi diqqətə çatdırılıb.
Ombudsman vəzifəsinə namizədliyi irəli sürülmüş şəxslər də çıxış edərək göstərilən etimada görə Azərbaycan Prezidentinə təşəkkürlərini bildiriblər.
Müzakirələrin sonunda məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitə üzvləri Tural Gəncəliyev, Mircəlil Qasımlı və Bəhruz Məhərrəmov, həmçinin Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və digər rəsmi şəxslər iştirak ediblər.
