Polşanın prezident respublikasına çevrilməsi ilə razılaşmaq olardı - XİN rəhbəri

Dünya xəbərləri Xəbər 31 Oktyabr 2026 15:44 (UTC +04:00)
Polşanın prezident respublikasına çevrilməsi ilə razılaşmaq olardı - XİN rəhbəri

Bakı. Trend:

Polşanın xarici işlər naziri Radoslav Sikorski Varşavada Konstitusiya Tribunalında baş verən hadisələrin ölkənin prezident respublikasına çevrilməsinin qarşısını almaqla bağlı olduğunu bildirib.

Bu barədə o, özünün “X” sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

“Dünən gecə Varşavada Konstitusiya Tribunalında baş verən hadisələr heç də xoşagələn deyildi, lakin alternativ olaraq Polşanın konstitusiyaya zidd şəkildə prezident respublikasına çevrilməsi ilə razılaşmaq olardı.

Polşa parlament tərəfindən seçilmiş koalisiya hökuməti tərəfindən idarə olunmağa davam edir”, - deyə o, paylaşımında qeyd edib.

XİN rəhbəri daha əvvəl baş verənlərə münasibət bildirərkən Polşada Konstitusiya Tribunalı ətrafında yaranmış qarşıdurmanın həmin qurumda qanunun aliliyinin bərpası ilə bağlı olduğunu qeyd edib:

“Polşanın Konstitusiya Tribunalı 2023-cü il seçkilərində hakimiyyəti itirmiş populist hökumət tərəfindən siyasiləşdirilmişdi. Tribunal ətrafında yaranmış qarşıdurma qurumda qanunun aliliyinin bərpası ilə bağlıdır. Tribunalın sədri siyasi baxımdan həssas işlərin baxılmasına müdaxilə etməklə dəfələrlə qanunu pozub”.

Qeyd edək ki, oktyabrın 30-da axşam saatlarında Polşanın Varşava şəhərində Konstitusiya Tribunalı ətrafında gərginlik yaranıb. Hakim Anna Korvin-Piotrovskanın tribunalın sədri Boqdan Svyençkovski və sədr müavini Bartlomey Sohaniskinin vəzifələrinin icrasını dayandırdığını elan etməsindən sonra məhkəmə binası qarşısında etirazlar başlayıb. Polis əraziyə cəlb olunub, etirazçılarla gərginlik zamanı üç nəfər saxlanılıb. Hadisələrlə əlaqədar Prezident Karol Navrotski Seneqala səfərini yarımçıq dayandıraraq ölkəyə qayıdıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti