Bakı. Trend:
Təhsil Tələbə Kreditini yalnız Azərbaycan Respublikası vətəndaşı olan tələbələr ala bilərlər.
Trend-in Təhsil Tələbə Kredit Fondudan əldə etdiyi məlumata görə, mülkiyyət formasından asılı olmayaraq, istər dövlət, istərsə də özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri təhsil haqqı xərclərinin ödənilməsi məqsədi ilə TTK üçün müraciət edə bilərlər.
TTK-nın qaytarılması üçün tələbəyə məzun olduqdan sonra əmək fəaliyyəti ilə məşul olmaq və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2 il vaxt verilir. Bu dövr güzəşt dövrü adlanır və həmin dövrdə məzundan TTK-nin qaytarılması tələb olunmur.
Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondu (TTKF) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən, tələbələrin təhsil haqqını ödəməsinə dəstək verən qurumdur. Fond 17 iyun 2021-ci ildə Prezident İlham Əliyevin müvafiq fərmanı əsasında yaradılıb, kreditlər üzrə müraciətlərin qəbuluna isə 25 noyabr 2021-ci ildə başlayıb.
TTK-dan aşağıdakı təhsil pillə və səviyyələrində əyani və ödənişli əsaslarla təhsil alan Azərbaycan vətəndaşları yararlana bilərlər. TTK uzun müddətə verilir. Bu müddət tələbənin təhsil aldığı təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır. Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə münasibətdə bu müddət 14-22 il, magistratura səviyyəsində təhsil alan tələbəyə münasibətdə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsili pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbə münasibətdə 12-19 il ola bilər.
