Bakı.Trend:
Bu gün saat 22:30-da CBC telekanalında “Mixail Qusmanın hakimiyyət formulu” ("Формула власти Михаила Гусмана") proqramının premyerası olacaq. Yeni layihə müəyyən mənada 25 il ərzində efirdə yayımlanan və geniş tanınan “Hakimiyyət formulu” proqramının davamı olmaqla yanaşı, eyni zamanda yeni silsilənin başlanğıcını qoyur.
Premyera ilə əlaqədar Trend Mixail Solomonoviç Qusmana müraciət edərək ondan layihə barədə ətraflı məlumat verməsini xahiş edib.
“Bu təvazökar hadisəyə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm. Bu gün CBC telekanalında rus dilində “Mixail Qusmanın hakimiyyət formulu” proqramının premyerası olacaq. Artıq gələn cümə axşamı isə proqram Azərbaycan İctimai Televiziyasında Azərbaycan dilində yayımlanacaq. Bundan əlavə, proqramın ingilis dilində də yayımlanmasını nəzərdə tuturuq və onu bu istiqamətdə hazırlayırıq”, - deyə Qusman bildirib.
O, Şuşada keçirilən Qlobal Media Forumunu xatırladaraq, həmin tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı sualdan danışıb.
“O zaman bildirmişdim ki, vətənə qayıtdıqdan sonra həyat təcrübəmi tətbiq edə biləcəyim müxtəlif layihələrlə məşğul olmaqdan məmnunluq duyardım. Açığını desəm, özümü təqaüdə çıxmış bir insan rolunda nə əvvəllər təsəvvür edirdim, nə də indi təsəvvür edirəm. Lakin sualımdan sonra hörmətli cənab Prezident İlham Heydər oğlu Əliyev tərəfindən ünvanıma səsləndirilən sözlər məni təkcə ruhlandırıb böyük minnətdarlıq hissi doğurmadı, həmçinin anladım ki, respublikada baş verən möhtəşəm hadisələrdən və həyata keçirilən işlərdən kənarda qalmağa haqqım yoxdur. Təcrübəmin ən çox fayda verə biləcəyi sahələrdə özümü bütövlükdə ölkəmə xidmətə həsr etməliyəm”, - deyə o qeyd edib.
“Mən informasiya və media sahəsində bir sıra müxtəlif layihələr təklif etdim. Onların bir çoxu dəstəkləndi. Lakin hazırda ilk növbədə, “Mixail Qusmanın hakimiyyət formulu” adlanacaq yeni proqram silsiləsi barədə danışmaq istərdim. Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, bu proqramın beynəlxalq nüfuzu və tanınmışlığı da var”, - deyə Qusman əlavə edib.
Onun sözlərinə görə, yeni proqram zahirən əvvəlki layihəyə bənzəyəcək, lakin əsas diqqət tamamilə fərqli məqamlara yönəldiləcək.
“Rusiya televiziyasında yayımlanan “Hakimiyyət formulu” proqramı daha çox ölkələr və proqramın qəhrəmanları – dövlət başçıları və ya beynəlxalq təşkilatların rəhbərləri haqqında söhbət idisə, yeni silsilədə müasir dünyada özünəinamlı və fəal beynəlxalq aktor kimi Azərbaycanın rolundan daha geniş bəhs etmək istərdim. Bu, ölkəmizin müxtəlif dövlətlərlə münasibətləri, dünya liderlərinin Azərbaycana və Prezidentimizə münasibəti vasitəsilə təqdim olunacaq. Başqa sözlə, bu, “Azərbaycan müxtəlif ölkələrin və müxtəlif liderlərin güzgüsündə” proqramı olacaq”, - deyə o vurğulayıb.
Proqram ayda iki dəfə CBC və Azərbaycan İctimai Televiziyasında yayımlanacaq.
“Hörmətli oxucularımız üçün bir sirri də açım: artıq BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinosla müsahibə hazırlamışam. Bu müsahibə ilə proqram silsiləsinin ilk buraxılışı bu gün başlayacaq. Bundan başqa, Keniya, Slovakiya, İsrail, Laos prezidentləri və İSESKO-nun baş direktoru ilə də müsahibələrim olub. Onlar gələcək proqramlarımızın qəhrəmanları olacaqlar”, - deyə Qusman bildirib.
“Bu fürsətdən istifadə edərək layihəyə göstərilən dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin Trend-in direktoru İlqar Hüseynovun timsalında agentliyin rəhbərliyinə minnətdarlığımı çatdırıram. O, ilk gündən etibarən Trend-in və onun tərəfdaş qurumlarının imkanlarını, o cümlədən bu layihə ilə bağlı bölüşdüyüm ideyaların həyata keçirilməsi üçün təqdim edib. CBC telekanalının rəhbəri Vüqar Xəlilova və Azərbaycan İctimai Televiziyasının rəhbəri Balaş (Balakişi -red.) Qasımova da layihəyə böyük həvəslə dəstək verdiklərinə görə təşəkkür edirəm. Ümidvaram layihə həm Trend və Day.Az oxucularının, həm də Azərbaycan tamaşaçılarının marağına səbəb olacaq”, - deyə Mixail Qusman bildirib.
