“Mühazirə oldu, seminar keçdi, vəssalam” – Ali təhsildə nə dəyişməlidir?

Cəmiyyət Xəbər 31 Oktyabr 2026 11:55 (UTC +04:00)
“Mühazirə oldu, seminar keçdi, vəssalam” – Ali təhsildə nə dəyişməlidir?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək bazarının tələbləri, texnologiyaların sürətli inkişafı və işəgötürənlərin praktiki bacarıqlara artan ehtiyacı universitetlərdə tədris prosesinin yenidən nəzərdən keçirilməsini aktuallaşdırır. Bu baxımdan mühazirələrdə nəzəri biliklərin mənimsənilməsi ilə yanaşı, tələbələrin praktiki təcrübə qazanması da mühüm əhəmiyyət daşıyır. Bəs ali təhsildə əsas diqqət hansı istiqamətə yönəldilməlidir? Auditoriyada mühazirə dinləməyə, yoxsa real iş mühitinə uyğun praktiki bilik və bacarıqların formalaşdırılmasına?

Məsələ ilə bağlı Trend-ə açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hal-hazırda müasir dünyanın tələbi nəzəri biliklərlə yanaşı, praktiki biliklərin də aşılanması və mənimsənilməsidir.

Hal-hazırda biz universitetləri bitirənlərin əmək bazarına qoşulmasında nəzəri biliklərin kifayət etmədiyini müşahidə edirik. Məhz buna görə də düşünürəm ki, əlbəttə, mühazirə tipli dərslər olmalıdır, yəni mühazirələr deyilməlidir, amma bu nəzəri biliklər praktiki biliklərlə möhkəmləndirilməlidir. Yəni bu, birmənalı olaraq belədir.

“Amma çox təəssüf olsun ki, bizdə hal-hazırda ali təhsil müəssisələrində vəziyyət qənaətbəxş deyil. Bəzi ali təhsil müəssisələrini çıxmaqla, əksəriyyətində sovet düşüncəsinin, sovet təhsil sisteminin qalıqları müşahidə olunur. Sanki mühazirə deyildi, seminar verildi, vəssalam və praktika dörd tədris ilinin sadəcə sonuncu semestrinə saxlanılır. Yəni sanki bu bir adətdir, ənənədir, belə də olmalıdır. Amma biz, misal üçün, beynəlxalq təcrübəyə baxdığımız təqdirdə, inkişaf etmiş ölkələrin əksəriyyətində tədris prosesinin gedişatında həm laboratoriya dərsləri, həm də praktiki dərslərin həyata keçirildiyini müşahidə edirik. Yəni praktika sadəcə sonuncu semestrə və yaxud da bir semestrə köklənməyib”, – deyə o qeyd edib.

Ekspert bildirib ki, beynəlxalq təcrübədə tədris müddətinin üçdə biri praktikaya həsr olunur.

“İşəgötürənlərin ən böyük narazılığı bizim gənclərimizin praktiki biliklərinin olmamasıdır. Bu gün hüquq fakültəsini, yəni 600 ballıq bir ixtisası qurtaran gənclərimizin iddia ərizəsi yaza bilməməsi həqiqətən ayıb və problemli bir məsələdir. Biz hər universitetə bütün ixtisasları verməməliyik. Məsələn, bir inzibati binadan ibarət olan özəl universitetdə inşaat mühəndisliyi və maşın mühəndisliyi kimi ixtisasların tədris olunduğunu görürük. Halbuki belə ixtisasların tədrisi üçün müvafiq maddi-texniki baza və laboratoriyalar olmalıdır. Təsəvvür edin, kiçik də olsa, maşınqayırma laboratoriyası olmayan universitet maşın mühəndisliyini, yaxud inşaat mühəndisliyi üzrə praktiki təcrübə imkanı yaratmadan həmin ixtisası necə keyfiyyətlə tədris edə bilər?

Bu gün pedaqoji ixtisası bitirən gənclərimiz belə müəllimlərin işə qəbulu (MİQ) imtahanına hazırlaşmaq üçün əlavə kurslara müraciət etməyə ehtiyac duyurlar. Onlar universiteti bitirdikdən sonra imtahana müstəqil hazırlaşmaqda çətinlik çəkirlər. Sual yaranır: universitet tələbəyə bu bilikləri verməli deyilmi?

Görürsünüzmü, nəzəri biliklərlə praktiki hazırlıq arasında nə qədər fərq var? Düşünürəm ki, bu, ciddi problemdir və həllini tapmalıdır. Universitetlərdə, xüsusilə də Elm və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə təşəbbüslər göstərilməli, tədris prosesinin praktiki tərəfi mütəmadi yoxlanılmalı və ali təhsil müəssisələrinin praktiki hazırlıq imkanlarına nəzarət edilməlidir. Bu məsələ mütləq tənzimlənməlidir.

Müasir təhsildən danışırıqsa, praktiki hazırlıq olmadan keyfiyyətli təhsil mümkün deyil. Tələbələrə nəzəri biliklərlə yanaşı, praktik bacarıqlar da aşılanmalıdır. Təəssüf ki, hazırda ölkəmizdə bu sahədə vəziyyət qənaətbəxş deyil”, – deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti