Bakı. Trend:
Polşanın Baş naziri Donald Tusk yerli vaxtla saat 20:00-da (Moskva vaxtı ilə 22:00) xalqa müraciət edəcək.
“Baş nazir Donald Tusk saat 20:00-da müraciətlə çıxış edəcək”, – deyə Tuskun dəftərxanası X sosial şəbəkəsində yazıb.
Polşada siyasi böhran Tuskun keçmiş hökumət üzvü Mateuş Berekini Konstitusiya Məhkəməsinin hakimi təyin etmək qərarından sonra yaranıb. Son həftələr ərzində məhkəmənin binası qarşısında mütəmadi olaraq etiraz aksiyaları keçirilib.
Oktyabrın 30-da ölkənin ədliyyə naziri Valdemar Jurek Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra edən Boqdan Svyençkovskinin vəzifəsindən kənarlaşdırılması və toxunulmazlığından məhrum edilməsi barədə vəsatət göndərib. Məhkəmənin ərazisinin mühafizəsinə əlavə polis qüvvələri cəlb olunub.
Oktyabrın 31-nə keçən gecə etirazçılar məhkəmənin binası qarşısında toplaşaraq mühafizə səddini yarmağa cəhd ediblər. Polis dörd nəfəri saxlayıb.
Böhranın kəskinləşməsi ilə əlaqədar Polşa Prezidenti Karol Navrotski Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıdıb.
Müxalifətçi siyasətçilərin bir qismi baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndirib.
