Bakıdan Tbilisiyə ilk əlavə qatar tam doluluqla yola düşüb (FOTO)

Cəmiyyət Xəbər 1 Noyabr 2026 14:13 (UTC +04:00)
Bakıdan Tbilisiyə ilk əlavə qatar tam doluluqla yola düşüb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bakıdan Tbilisiyə ilk əlavə qatar 100 faiz doluluqla yola düşüb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması məqsədilə noyabrın 1-dən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reysin icrasına başlanılıb. Bununla da sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılıb.

Əlavə reyslərdə standart sinif üzrə Tbilisiyə minimum gediş haqqı Bakıdan 54 manat, Yevlaxdan 44 manat, Gəncədən 41 manat, Ağstafadan 38 manat, Böyük Kəsikdən isə 36 manat təşkil edir. ADY-nin məlumatına görə, yeni seçimlə sərnişinlər 30 faiz daha ucuz bilet əldə edə bilirlər.

“Stadler” vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı isə Bakıdan Tbilisiyə 77,50 manat, Gəncədən 56,80 manatdır.

Yeni qrafikə əsasən, mövcud qatar Bakıdan saat 23:10-da yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatır. Tbilisidən saat 11:00-da yola çıxan qatar saat 20:26-da Bakıda olur.

Əlavə qatar isə hər gün Bakıdan saat 09:10-da hərəkətə başlayır və saat 19:11-də Tbilisiyə çatır. Əks istiqamətdə saat 22:00-da yola düşən qatar növbəti gün saat 07:57-də Bakıya çatır.

Qeyd olunub ki, əlavə reyslər tərəflərin zəruri hazırlıq, texniki və təşkilati işləri başa çatdırmasından sonra istifadəyə verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti