Bakı. Trend:
Bakının Nizami rayonunda baş verən yanğınla bağlı çəkiliş aparan APA TV-nin müxbiri Sənan Bəhrəmli hücuma məruz qalıb.
Hadisə oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə taxta bazarında qeydə alınıb.
Belə ki, özünü mühafizəçi kimi təqdim edən şəxs yanğını işıqlandıran jurnalistə fiziki xəsarət yetirib və onu təhqir edib. Həmin şəxs müxbirin çəkiliş avadanlığını da zədələyib.
Ərazidəki polis əməkdaşları hücum edən şəxs Heydər Sərdarovu hadisə yerindən uzaqlaşdırıb, Sənan Bəhrəmlidən isə ilkin ifadə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran “APA Group”un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb.
Qeyd edilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanılıb, istintaq gedir.
